“Niyə Sumqayıt?”

998

Sosial problem dünyanın hər bir ölkəsində olduğu kimi Azərbaycanda da var. Və bu problemlərin həlli istiqamətində son illər təsirli tədbirlər həyata keçirilməkdədir. Lakin təhlillər göstərir ki, bu problemlərin həllini ürəkdən istəməyən, hətta onların daha da dərinləşməsindən öz şəxsi maraqları üçün istifadə edən qüvvələr də yox deyil.

Aparılan araşdırmalar sübut edir ki, son vaxtlar digər bölgələrə nisbətən Sumqayıtda sosial problemlərin süni surətdə daha da kəskinləşdirilməsi prosesi baş verir. Bunun siyasi kampaniyalar və ya hansısa hadisənin nəticəsində respublikada canlanmanın yaşandığı bir vaxtda edilməsi isə bəzi ehtimalların irəli sürülməsinə əsas veririr. Sumqayıtda 2008-ci il prezident seçkiləri və 2009-cu il referendum ərəfəsi əhalinin 5-10 ildən qalma kommunal borclarının kimlərinsə yadına düşməsini fikrimizcə təsadüf saymaq olmazdı.

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının (İPTA) həmin dövrlərdə keçirdiyi monitorinq nəticəsində məlum olmuşdu ki, əhalinin ən çox hüquqlarının pozulduğu, vətəndaşlara qarşı qeyri-real tələblərin irəli sürüldüyü, müxtəlif təzyiqlərlə əhalini hökumətdən narazı salınmasına yönəlmiş tədbirlərin həyata keçirildiyi sahə məhz kommunal xidmətlər sahəsidir.

Prezident seçkiləri ərəfəsi dövlət başçısının regionlara səfərləri zamanı müxtəlif rayon və kəndlərdə yeni qaz kəmərlərinin çəkilməsi haqqında xəbərlər yayıldığı bir vaxtda Sumqayıt şəhərində əhalinin 5-10 il əvvəldən qalan “borclarını” ödəməməsi bəhanəsilə kütləvi şəkildə qazın kəsilməsi, referendum ərəfəsi isə “Azərsu” ilə Sumqayıt Elektrik Şəbəkəsi arasında əvvəlki illərdən qalma borc üstündə mübahisənin ortaya çıxması, əhaliyə su və işiğın verilməsində problemlərin yaranmasını təsadüf hesab etmək mümkün deyil.

Neft Akademiyasında baş verən faciənin səhəri günü Sumqayıt-Bakı marşrutunda əhalinin maddi və vaxt baxımından itikisinə səbəb olan dəyişikliklərin edilməsi sözün əsl mənasında vətəndaşları qəzəbləndirdi. Bu dəyişikliyə qədər Sumqayıtın müxtəlif ərazilərindən Bakıya işləyən marşrutlar əhalini tez və ucuz qiymətə mənzil başına çatdırırdı. Sumqayıtda may ayının 1-dən etibarən Bakıya gələn bütün marşurutların yığışdıraraq yalnız şəhər avtovağzalında toplanması şəhər əhalisinə qarşı düşünülmüş təxribatdan başqa bir şey deyil. Bu barədə Nəqliyyat Nazirliyinin şərhlərini “bir addım irəli, iki addım geri” kimi də xarakterizə etmək olar. Nazirlikdən qeyd edirlər ki, aparılan yeniləşmə kiçik tutumlu avtobusların iri həcmli avtobuslarla əvəz edilməsindən ibarətdir. Bu barədə sürücülərə qabaqcadan xəbərdarlıq ediblər.

Fikrimizcə, nazirliyin bu addımını müsbət qiymətləndirmək olar. Həqiqətən də yeni, iri həcmli avtobuslar əvvəlki köhnə kiçik avtobuslardan daha rahatdır. Lakin qəribə burasındadır ki, nazirlik əhalinin ziyanına olan və vətəndaşların haqlı narazılığına səbəb olan məsələ barədə susmağa üstünlük verir. Bu da ondan ibarətdir ki, bu dəyişiklikdən sonra hər gün Bakıya gəlib-gedən vətəndaşlar, xüsusilə də sosial müdafiəsi zəif təşkil olunmuş tələbələr 40 qəpik çox vəsait sərf etməli olacaqlar. Bundan başqa, məsələn Sumqayıtın Bakıya daha yaxın hissəsi olan, 9, 10, 12, 17, 18 və s. mikrorayonlarından əhali 5-6 km. geriyə – avtovağzala doğru digər marşrutla getməli və bundan sonar yeni avtobusla Bakı istiqamətində geri qayıtmalıdırlar. Bu da ən azı 20-30 dəqiqə vaxt itkisi deməkdir. Əgər Bakıda oxuyan tələbə hər gün saat 08.30-da dərsə çatmaq üçün saat 06-06.30-da yuxudan dururdusa və nisbətən rahat dərsə gedib çatırdısa, indi bunu etmək üçün daha çox vaxt itirmək lazım gələcək.

Fikrimizcə bu dəyişiklikləri həyata keçirən məmurları dövlətin, millətin mənafeyindən daha çox əldə edəcəkləri vəsaitlər maraqlandırır. Müstəqil Azərbaycan dövlətçiliyinin inkişafında əngələ çevrilmiş bu cür məmurlarda xilas olmağın vaxtı çoxdan çatıb.

Bu problemləri təhlil edərkən istər-istəməz Sumqayıtda sosial problemlərin kəskin olduğu XX əsrin axırları və akademik Ziya Bünyadovun o zaman nəşr olunmuş “Niyə Sumqayıt?” məqaləsi yada düşür.

Sonda onu da qeyd etmək lazımdır ki, Sumqayıtda baş verən son dəyişkliklər vətəndaşları irəliyə yox, sovet dövründə saatlarla vaxt itkisinə səbəb olan növbələrin yarandığı dövrə aparmağa xidmət edir. Nə qədər gec deyil adiyyatı qurumlar, xüsusilə də Sumqayıtdan seçilmiş deputatlar əhali üçün yaradılmış bu süni problemlərin qısa müddətdə aradan qaldırılmasına nail olmalıdırlar. Bu, hakimiyyətlə vətəndaşlar arasında son illər möhkəmlənməkdə olan etimadın güclənməsinə səbəb ola bilər.
Məhərrəm ZÜLFÜQARLI İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri mzulfugarli@mail.ru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər