Növbədənkənar seçkilər: Ərazi bütövlüyünün təsbiti

368

Azərbaycan 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkə ərazisinin bütövlüyünü və suverenliyini bərpa etdi. Prezident İlham Əliyev verdiyi sözü tutaraq, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.Əldə olunmuş tarixi qələbə ölkəmizdə yeni reallıqlar yaradıb. Bu yeni reallıqlar növbədənkənar seçkiləri gündəmə gətirir.
Növbədənkənar seçkilər Azərbaycanın tarixində ilk dəfə olaraq, bütün ölkə ərazisində keçiriləcək. Bu seçkilər ərazi bütövlüyünün və suverenliyin təsbiti üçün kritik əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini “Zəfər seçkiləri” adlandırılır.
Bu seçkilər Prezident İlham Əliyevin özünə inamının və xalqın dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Qarabağ müharibəsində ortaya qoyduğu liderlik məharəti ilə siyasi arenalarda gücümüzü isbat edən və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda düşünülmüş uzaqgörən planlar quran Ali Baş Komandan İlham Əliyev xalqımızın dərin etimadını qazanmışdır.
Siyasi sistemin gücləndirilməsi hazırda hər zamankından daha çox strateji əhəmiyyət kəsb edir.
Növbədənkənar seçkilərin keçirilməsi bu istiqamətdə siyasi sistemin gücləndirilməsi, regionda tam müstəqil bir ölkənin mövcudluğunu və təhlükəsizliyini təmin etməyə yönlənmiş fövqəladə əhəmiyyət kəsb edir. Bu, potensial təxribatların qarşısını almaq və regional stabilliyi təmin etmək üçün zəruri bir addımdır.
Eyni zamanda növbədənkənar Prezident seçkiləri Azərbaycanın müstəqil iradəsini və demokratik inkişafını təmin etmək üçün mühüm əhəmiyyətə malikdir. Bu seçkilər ölkənin uğurları və perspektivləri üçün bir dönüş nöqtəsini təşkil edir. Bu, vətəndaşların siyasi iradələrini ifadə etmələri ilə yanaşı, həm də siyasi sistemin inkişafına və dövlətin güclənməsinə yönəlmiş bir prosesdir.
Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təbliğat-təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Bu, demokratik proses üçün vacib elementdir.
Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal fürsətdir.
Növbədənkənar seçkilər işğaldan azad olunmuş ərazilərdə və ölkənin digər bölgələrində quruculuq işlərinin davam etdirilməsi və dəstəklənməsi üçün kritik rol oynayacaq. Biz inanırıq ki, xalqımız gələcək müqəddəratımızın sığortalanması üçün ən doğru qərarı verəcək, ən layiqli namizədə səs verəcək. Biz gənclər hər zaman dövlətimizin yanındayıq və ölkəmizin günü gündən çiçəklənməsi üçün öhdəmizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik. Biz layiqli liderimizin ətrafında birləşmişik! Cənab prezident gənclərə arxalandığı kimi biz də ona arxalanırıq. İnanırıq ki, qələbə hər bir azərbaycanlının olacaq!

Sevinc Qasımova,

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər