Böyük təntənəsinə daxili, ruhi oyanışın təsiri ilə hazırlaşdığımız, taleyimiz kimi bizə təmənnasız bəxş olunan elimizin əziz bayramı Novruzun astanasındayıq. Qaranquşların qanadında, torpağın bərəkət qoxusunda, dağlardan atlanıb gələn gur çayların şırıltısında gələn baharın ən önəmli bayramıdır Novruz. Təbiətin dəyişməsi, canlı aləmin oyanması, gecə-gündüzün bərabərləşməsi – hamısı yeni ilin gəlişindən xəbər verir.
Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Martın 21-də günəşin göy ekvatorunu kəsdiyi nöqtə yaz bərabərliyi nöqtəsi adlanır. Ulularımız hələ qədim zamanlardan baharın gəlişini bayram şənlikləri ilə qarşılayıblar. Bu el bayramını uzun müddət ürəyimizcə keçirə bilməmişik. Həhayət ürəkdən keçənlər dilə gəldi. Ulu adət-ənənələrimiz evlərdən, həyətlərdən geniş meydanlara çıxdı. Ruh bədənə, işıq gözə qayıdan kimi ömrümüzə, günümüzə gəldi bahar bayramı, taleyimizə, bəxtimizə qayıtdı Novruz.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Novruz bayramı haqqında: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır. Hər bir insanın, ailənin bayramıdır. Bizim müstəqil Azərbaycan Respublikasının bayramıdır. Novruz dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramıdır….” – deyərək Novruz bayramının mahiyyətini, fəlsəfəsini və daşıdığı ümumbəşəri dəyərləri bir neçə cümlə ilə çox gözəl ifadə etmişdir. Uzaqgörən dahinin, ümummilli liderin daha bir fikri: – “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycana əbədi bahar gətirən möhtəşəm qələbəmiz Ulu Öndər Heydər Əliyevin hələ 1998-ci ildə söylədiyi bu tarixi fikirləri reallaşdırdı. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın Qarabağ dərdini çözdü, 30 il işğal altında olan torpaqlarımızı azad etdi, bahar nəfəsli arzularımızı, diləklərimizi reallaşdırdı. Artıq ikinci ildir ki, yenə Cıdır düzü Novruz tonqalının şöləsilə işıqlanır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Azərbaycan mədəniyyətinin tarixində daha bir mühüm hadisə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilməsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Azərbaycanın beynəlxalq təşəbbüslərini dəstəkləyən ölkələrin sayı gündən-günə artır. 28 noyabr-2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
Novruz yeni gün deməkdir. O, insanlara sevinc verən, onları həyata, yaşamağa ruhlandıran bir bayramdır. Evlərdə, həyətlərdə təmizlik, abadlıq işləri aparılır. Novruzda səməni qoyulur, yumurta boyanır, şam yandırılır, bayram şirniyyatları bişirilir, Novruz xonçaları bəzənir. Müxtəlif tamaşalar, mərasimlər təşkil olunur. İnsanlar özünə ərzaq toplayan, şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənir, pəhləvanların, kəndirbazların oyunlarına baxıb heyrətlənir. El aşıqları, müğənnilər gözəl nəğmələri ilə könülləri oxşayır, kənd yerlərində at yarışları – çovkan oyunu keçirilir.
Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran möhtərəm Prezidentimiz, cənab İlham Əliyev hər il bayram şənliklərinə qatılaraq insanlarla bayramlaşır. Dövlət başçısının Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident İlham Əliyev bu bayramın insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd etmişdir.
Adət- ənənəyə görə Novruz bayramında küsülülər barışır, hamı bir-birinə qonaq gedir, bir- birini təbrik edir. Hətta dünyasını dəyişənlər də yaddan çıxmır, anılır, yad edilir.
Xalq arasında Novruz bayramına qədər dörd çərşənbə – Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi geniş şəkildə qeyd edilir.
Novruz bayramının ilk çərşənbəsinin su adı ilə qeyd olunması bu ünsürün insanın yaradılış prosesinin əsas komponentlərindən olmasını təsdiqləyir. Məhz bu çərşənbədən başlayaraq evlərdə Novruz bayramına hazırlıqlar başlayır. Su çərşənbəsini bəzən “Yalançı”, “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Hər çərşənbənin özünəməxsus adətləri vardır. Tarixi çox qədimlərə gedib çıxan su çərşənbəsində suyun təzələnməsinə olan inama söykənərək insanlar səhər tezdən su üstünə gedir, yeni suyu qarşılayaraq suyun üstündən atılır, dərd-bəlanın, xəstəliklərin su ilə axıb gedəcəyinə inanırlar. Bu çərşənbə axşamı qızlar saçından kəsib suya atar, arzularının çin olacağına inanarlarmış. Daha bir adət qızların çaydan “lal su” (“dilsiz su”) gətirib üzük falına baxmasıdır.
Novruzun ilaxır çərşənbələrindən ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “üsgü çərşənbə”, “üskü gecəsi”, “ikinci cərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Xalqımızın günəşə, odu qoruyub saxlamağa olan inamını ifadə edən bu çərşənbə axşamı evlərdə tonqal çatılarmış. Hələ atəşpərəstlikdən çox – çox əvvəl insanlar təbiəti canlandıran, yeri isidən günəşi, onun yerdəki rəmzi olan odu ilahiləşdirmişlər. İnsanlarda belə bir etiqad yaranmışdır ki, günəşi və odu nə qədər əzizləsələr, oxşasalar təbiət o qədər isinər, insanlara xöşbəxtlik gətirər.
İlaxır çərşənbələrin üçüncüsü, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsidir. İnsanların inamına görə həmin gün əsən mülayim, isti külək təbiəti oyadır, suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Bu çərşənbə ilə bağlı qədim adətlərdən biri də odur ki, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Çərşənbələrin sonuncusu İlaxır çərşənbədir ki, bu çərşənbə də xalq arasında “Yer çərşənbəsi” və ya “Torpaq çərşənbəsi” də adlanır. Bu çərşənbədə baharın rəmzi olan yaşıl səməni, Novruz şirniyyatı süfrələri bəzəyir, yumurta boyanır, qovurğa qovurulur, plov süzülür. Adətə görə, ilaxır çərşənbə süfrəsinə “s” hərfi ilə başlanan yeddi cür nemət qoyulmalıdır. Bu çərşənbədə evlərdə üzərlik yandırılır, həyətlərdə, düzlərdə tonqallar qalanır, “Ağırlığım, uğurluğum odlara” deyib od üstündən tullanan insanlar mənən təmizlənməyə, saflaşmağa can atır. İlaxır çərşənbədə gecə səhərə qədər oyaq qalıb çillə çıxarırar. Novruzu əbəs yerə mehribanlıq, səmimiyyət bayramı kimi əziz tutmurlar. Bu günlərdə
küsülülər barışır, qonşular biri-birinə bayram aşından pay göndərir, nişanlı qızlara, təzə toylu gəlinlərə bayram payı gətirilir.
Bu qədim el bayramı ilə bağlı şifahi xalq ədəbiyyatında olduğu kimi, müasir incəsənətimizdə də gözəl nümunələr vardır. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlarımız Novruz bayramına musiqilər, mahnılar həsr etmişlər. Bundan başqa Novruz haqqında “Novruzun çələngi” və “Ocaq” kimi Azərbaycan filmləri də çəkilmişdir.
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli
olsun, əziz xalqım. Novruz bayramınız mübarək olsun!
Pərvanə Qasımova, Sumqayıt şəhər Mərkəzi Kitabxananın elmi katibi
Novruz bayramı milli mənəvi dəyərlərimizin təcəssümüdür
•
2490