Ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Zəngilan yenidən qurulur

627

Zəngilan rayonu Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Rayonun ərazisi müxtəlif vaxtlarda fərqli inzibati bölgülərə məruz qalıb. XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra yeni inzibati ərazi bölgüsü aparılıb. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq, Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb.

Rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur. Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar – yura, təbaşir çöküntüləri yayılıb. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır. Rayon ərazisindən Araz, Oxçuçay, Bəsitçay və Həkəri çayları keçir

44 günlük Vətən Müharibəsi nəticəsində Zəngilan rayonu düşmən tapdağından azad olundu. 1993-cü ildə oktyabr ayında işğal olunan Zəngilan, 2020-ci il oktyabrın 20-də düşmən tapdağından azad olundu.

Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olub. Rayonda 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə edib. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstəririb.

İşğal nəticəsində rayon ərazisində olan onlarla tarixi və dini memarlıq abidələri dağıdılıb. Bu gün artıq Zəngilan rayonu azaddır. Rayon ərazisində genişmiqyaslı bərpa-quruculq işləri reallaşdırılır. Yeni yaşayış məskənləri salınır, infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı işğal nəticəsində dağıdılmış tarixi və dini memarlıq abidələri də bərpa olunur. Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

Bununla yanaşı Zəngilanda günəş enerjisinin böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Burada həm də Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların hərəkəti, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

Zəngilan rayonu coğrafi müxtəlifliyi gələcəkdə buranın turizm məkanına çevrilməsinə şərait yaradacaq. Bütövlükdə Zəngilanın təbiəti və təbii sərvətləri bu bölgəni Azərbaycanın ən qabaqcıl rayonlarından birinə çevirmək üçün geniş imkanlar verəcək.

“Böyük Qayıdış”ın birinci addımı məhz Zəngilandan başlanacaq. Belə ki, llk bərpa edilən kəndlər Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləridir. Artıq burada işlər yekunlaşmaq üzrədir. Bir neçə ay sonra uzun həsrətdən sonra Ağalı kəndinin sakinləri öz doğma yurdlarına köçəcəklər. Bununla da “Böyük Qayıdış”ın ilk addımları reallaşacq və inanırıq ki, qısa müddət ərzində bütün insanlar öz doğma yurdlarına qovuşacaqlar.

Mail Hümbətov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər