Ölkəmizdə şəhid ailələri və qazilər dövlət qayğısı ilə əhatə olunub

1133

Azərbaycan Ordusunun sentyabrın 27-də erməni işğalçı qüvvələrinə qarşı  başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Əlbəttə ki, bu Qələbəni cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, canı-qanı bahasına əldə etdik. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial siyasətin əsas prioritet istiqamətlərindən birini təşkil etmişdir. Dövlətimiz 44 gün davam edən İkinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, eləcə də qazilərimizə, həmçinin torpaqlarımızın işğalından azad olunmasında qəhrəmanlıq göstərmiş bütün döyüşçülərimizə diqqət və qayğı ilə yanaşmaqdadır.

“YAŞAT” Fondu şəhid ailələrinə, qazilərə dəstəyin effektiv və ünvanlı olmasını təmin edir

Şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən təşəbbüslərin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı.

Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar əsasında formalaşan “YAŞAT” Fonduna könüllü ödəmələr hazırda da davam etməkdədir. 44 günlük Vətən müharibəsində cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin gücünü “YAŞAT” Fonduna edilən dəstəkdə də bir daha gördük.

Xalq-dövlət birliyi post-müharibə dövründə də davam edir…

Cəmiyyət və dövlət birliyinin təcəssümü olan “YAŞAT” Fonduna qısa müddət ərzində 24 804 936 manat vəsait daxil olmuşdur. Fond tərəfindən verilmiş hesabatlardan da görürük ki, fonda 15 036 831,70 manat fiziki şəxslər, 9 768 105,16 manat isə hüquqi şəxslər tərəfindən daxil olmuşdur. Sözsüz ki, Fondun şəffaf fəaliyyəti, daxil olan vəsaitlə bağlı məlumatların mütəmadi olaraq ictimaiyyətə təqdim olunması fonda daxil olan vəsaitlərin həcminə də öz müsbət təsirini göstərir,  fonda olan inamı və etibarı daha da artırır.

Fond tərəfindən artıq 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib, onların əsas ehtiyacları müəyyənləşdirilib. Məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi istiqamətində ödənişlər həyata keçirilib. Bu işlər bu gün də davam etdirilməkdədir. Sözsüz ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək, effektivliyin və şəffaflığın artırılması baxımından Fondun fəaliyyəti mühüm əhəmiyyətə malikdir. Bütün bunlar şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğının bariz nümunəsidir.

Sosial dəstək proqramları reallaşdırılır

Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə hərtərəfli dövlət qayğısı göstərilir. Həmin kateqoriyalardan olan vətəndaşlarımızın sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Belə ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Bununla yanaşı şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub. Eyni zamanda bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat sığorta ödənişi edilib və bu gün də proses davam etdirilir.

Hərbiçilərin müraciətinə xüsusi həssaslıqla yanaşılır

Müharibədən dərhal sonra Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradıldı. Bu günə kimi komissiya tərəfindən yüzlərlə müraciətə baxılıb və həll olunması istiqamətində müvafiq tədbirlər görülüb.

Nazirlər Kabinetinin 2021-ci il 30 yanvar tarixli 24 nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə də xüsusi Komissiya yaradılmışdır. Digər bir komssiya isə hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə təşkil olunmuşdur. Hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə bir neçə dövlət qurumunun rəhbərliyindən ibarət komissiya da fəaliyyət göstərir. Bütün bu komissiyaların yaradılmasında məqsəd hərbi qulluqçulara və şəhid ailələrinə operativ, keyfiyyətli və əlaqəli şəkildə xidmətin göstərilməsini təmin etməkdir.

Sumqayıt şəhərində də şəhid ailələri və qazilərimiz hər zaman dövlətin qayğısını hiss edir

Ölkə başçısının sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradılması şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının digər bir nümunəsi kimi qiymətləndirilməlidir. Bu şöbənin yaradılması Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin daha çevik həllinə şərait yaradır. Sumqayıt Şəhər İcra Hakimiyyətində də Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Şəhid ailələri və qazilərimiz ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətində Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir. İşçi qurup mütəmadi olaraq şəhid ailələrinin və Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olur, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanır, ailələrə ərzaq və maddi yardımlar çatdırılır.

Bütün bunlar göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı dövlətin sosial siyasətinin əsas istiqamətini təşkil edir və bundan sonra da bu siyasət uğurla davam etdiriləcək.

Elgün Hümbətov, Sumqayıt şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər