Ordu quruculuğunda yeni mərhələ

780

Azərbaycan son 18 il ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində çox böyük işlər gördü. Bunu nəticəsidir ki, İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan ordusunun gücünü gördü. MÜzəffər Ordumuz döyüş meydanında öz qüdrətini nümayiş etdirərək ərazi bütövlüyümüzü təmin etdi. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu gün Azərbaycanı regionda güclü dövlətə çevirib. Azərbaycan postmüharibə dövründə də Ordu quruculuğuna xüsusi diqqət yetirir. İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi hissələr istifadəyə verilir, müasir infrastruktur yaradılır.

Azərbaycan 44 günlük Vətən Müharibəsi təcrübəsinə əsaslanaraq, öz hərbi texnikalarını müasirləşdirmək, ordu quruculuğunda müasir təcrübənin tətbiqi, regionda qüdrətli ordu yaratmaq istiqamətində çox ciddi addımlar atır. Prezident İlham Əliyev çıxışlarında vurğulayıb ki, çağdaş Türkiyənin ordu modeli bizim üçün ən məqbul modeldir. Bu gün ölkəmizdə bu istiqamətdə də mühüm addımlar atılır.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak etdilər. Qeyd edək ki, Hadrutda açılan bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadalarının yaradılması Azərbaycanın Silahlı Qüvvələrinin inkişafında yeni mərhələdir.

Prezident İlham Əliyev Hadrutdakı açılış zamanı Komando briqadalarının yaradılması ilə bağlı çıxışında vurğuladı ki, bu, ordumuzun gücünü böyük dərəcədə artıracaq : “Bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Bir daha demək istəyirəm ki, belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır”.

44 günlük Vətən Müharibəsində, xüsusilə Hadrut və Şuşanın azad olunması zamanı komando birliklərinin önəmi bir daha önə çıxdı. Hansı ki, vaxtında görülən tədbirlər sayəsində bu qüvvələr yüksək səviyyədə təşkil olunmuşdu və döyüş meydanında öz peşəkarlıqlarını nümayiş etdirdilər.

Bu sahədə görülmüş işlər nəticəsidir ki, qısa müddət ərzində Azərbaycan yeni komando birliklərini yaratmağa nail oldu. Komando ərazi və iqlim şəraitindən asılı olmayaraq, hərəkət qabiliyyəti yüksək olan birliklərdir. Ölkəmizin coğrafi mövqeyi normalal birliklərdən daha çox havada və quruda tapşırıqları yerinə yetirə biləcək komando birliklərinə ehtiyacı zəruri edir. Bu birlik yüksək zəka, fiziki qabiliyyət və cəsarəti ilə seçilən hərbçilərdən təşkil olunur. Komando qüvvələri peşəkar hərbçilərdən qurulmuş, ən son silah və avadanlıqlarla təchiz edilmiş yüksək hazırlıqlı və yüksək hərəkətli desant-hücum qruplaşmasıdır. Bu hərbçilərdən ibarət komando qüvvələrinin formalaşdırılması, Azərbaycan Ordusunun daha dinamik, düşmənə daha çevik reaksiya verməsini təmin edəcək.

Komando qüvvələrinin əsas fəaliyyəti çətin relyef şəraitində döyüş tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Sözügedən bölmələr texnikaların keçməsi qeyri-mümkün olan ərazilərdə xüsusi əməliyyatlar həyata keçirmək üçün hazırlanır. Ekspertlər hesab edirlər ki, Komando birliklərinin yaradılması gələcəkdə Xüsusi Təyinatlı Qüvvələrimizin kadr potensialının daha da güclənməsi üçün də mühüm əhəmiyyət daşıyır. Belə ki, komando briqadası XTQ-də xidmət etmək üçün namizəd kadrların hazırlandığı bir hissə kimi də fəaliyyət göstərəcək

Hadrutda yeni hərbi hissənin açılması bir daha göstərdi ki, Azərbaycanda qazanılmış tarixi Qələbədən sonra ordu quruculuğu prosesini dayandırmayıb, əksinə müharibə təcrübəsindən istifadə edərək bu sahəyə diqqət daha da artırıb və ordumuzda təkmilləşdirmə prosesi davam edir. Beləliklə, Ali Baş Komandan, Prezident İlham Əliyev öz doğum günündə hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürünü çatdırdı və onların qarşısında yeni vəzifələr qoydu. Bununla da ordu quruculuğunda aparılan işlərin yeni mərhələsi başlandı.

Fuad Aslanov, Sumqayıtın ilk Olimpiya mükafatçısı, “Tərəqqi” medallı, əməkdar idman ustası

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər