Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Görüşdə dövlət başçısı Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayıb.
İlham Əliyev bildirib ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb.
Ölkədə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.
Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlət başçısı vurğulayıb ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.
İlham Əliyev deyib ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.“Qafqazinfo”