Prezident Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı: regionda sülh, sabitlik və əməkdaşlıq

698

Azərbaycan qalib tərəf olaraq sülhün detallarını müəyyənləşdirməyə və danışıqlar aparmağa hazırdır. Prezident İlham Əliyev Azərbaycanın postmüharibə dövrünün reallıqları ilə bağlı mövqeyini dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Ölkə başçısı bu günlərdə İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə bir daha bu fikirləri səsləndirdi, regionda sülhün təmin olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan qalib ölkə kimi dəfələrlə bəyan edib ki, regionda sülhün və sabitliyin davamlı olması üçün birgə səylər göstərilməlidir. Müharibədən sonrakı dövrün prosesləri birgə səylərlə müəyyən edilməlidir.

Bu istiqamətdə artıq əməli addımlar da atılmaqdadır. Belə ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində əməkdaşlıq formatı mövcuddur və bu format kommunikasiyaların açılmasına həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bir araya gəlib və bu görüş konstruktiv olub.

Müharibə bitdikdən sonra Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistanla normal münasibətlər qurmaq istəyir. Dövlətimiz sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır.
Ölkə başçısı müsahibəsində qeyd edib ki, gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.

Bu gün ölkəmizin qarşısında duran əsas hədəflərdən biri məhz işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərini sürətlə həyata keçirmək və məskunlaşmanı qısa müddətdə təmin etməkdir. Sözsüz ki, ərazilərin qısa müddətdə bərpası kimi vacib məsələlərdə beynəlxalq təşkilatların fəaliyyəti və obyektiv mövqeyi mühüm rol oynayır.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir:  “Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər”.

Prezident İlham Əliyev müsahibəsində regionda sülhün və sabitliyin təmin olunmasında Türkiyə və Rusiya faktoruna da toxunub. Ölkə başçısı bildirdi ki, Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər.Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.

Azərbaycan Türkiyənin “3+3” regional əməkdaşlıq platforması təklifini dəstəkləyir. Cənubi Qafqazın üç dövləti ilə qonşuları Türkiyə, Rusiya və İran arasında fəal regional əməkdaşlıq sülhü və davamlı inkişafı təmin edə bilər. Ermənistan bu məsələdə də konstruktiv mövqe sərgiləmir.
Bölgənin altı ölkəsi arasında belə bir əməkdaşlıq formatı ortaya çıxsa, yeni təhdidlərin qarşısı alınacaq. Bu platforma regional əməkdaşlıqda əhəmiyyətli bir faktor olacaq və bir çox fayda gətirəcək.

Ölkə başçısı bildirib ki, hazırda Avropa İttifaqı ilə iqtisadi yardımla bağlı danışıqlar aparılır: “Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var”.

Prezident İlham Əliyev bu fikirləri səsləndirməklə beynəlxalq qurumları ikili standartlar siyasətindən çəkinməyə səslədi. Azərbaycanla Ermənistan arasında güc balansı uzun illər əvvəl dəyişib və beynəlxalq ictimaiyyət regiondakı yeni reallıqları nəzərə almalıdır.

Dövlət başçısı müsahibəsində Azərbaycanın etibarlı iqtisadi tərəfdaş olduğunu vurğulayıb. Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladı. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıkimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir.
Azərbaycanda təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.

Beləliklə, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan qalib ölkə olaraq regionda yeni reallıqlar yaradıb və postmüharibə dövründə dayanıqlı sülhün təmin olunması üçün əməkdaşlığa hazırdır. Bu gün Azərbaycan regionda əsas tərəfdaş ölkə kimi tanınır və bu istiqamətdə imicini ildən ilə daha da möhkəmləndirir. Ermənistan yeni reallıqları qəbul etməli və regionda sülhün təmin olunması üçün təşəbbüslərə qoşulmalıdır. Əks halda itirən məhz Ermənistan özü olacaq.

Sovet Şükürov, Sumqayıt şəhər Veteranlar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər