Prezident İlham Əliyev Cəbrayılın bərpası prosesinə start verdi – bölgənin inkişafı Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq

809

2020-ci ilin 4 oktyabrında Vətən müharibəsinin 8-ci günü 27 il əvvəl 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Cəbrayıl şəhəri və rayonun 9 kəndi işğaldan azad edildi.

44 günlük Vətən müharibəsi dövründə demək olar ki, hər gün bu rayonun ərazisində döyüş əməliyyatları aparılmışdır. Əgər Cəbrayılın Nüzgar və Böyük Mərcanlı kəndləri 27 sentyabrda, yəni əməliyyatların ilk günündə azad edilmişdisə, sonuncu kəndləri – Yanarhac və Yuxarı Mərzili kəndləri 7 noyabrda – Ermənistanın kaputulyasiya aktını imzalamamışdan iki gün əvvəl azad olunmuşdu. Bu isə onu göstərir ki, müharibənin başlandığı ilk gündən son günədək Cəbrayıl ərazisində döyüşlər davam etdirilib.

Cəbrayılın azad edilməsi üçün döyüşlərin uzun müddət davam etməsi onun kəndlərinin sayının çoxluğu, ermənilərin bu istiqamətdə kifayət qədər ciddi mühəndis-istehkam qurğularına malik olması ilə əlaqələndirilir.

Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə Cəbrayıl şəhəri və rayonun 80 kəndi işğaldan azad edildi. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsi idi. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.

Cəbrayıl azad edildikdən sonra Azərbaycan özünün üçrəngli bayrağını Şimali Azərbaycanla Cənubi Azərbaycanı birləşdirən qədim Xudafərin körpüsünün üzərinə sancdı.

Cəbrayıl şəhərinin azad edilməsi Vətən müharibəsinin ilk böyük qələbəsi idi.

Şanlı Ordumuz tərəfindən Cəbrayıl işğaldan azad olunandan sonra bu torpaqlara ayaq basanda erməni barbarlığının bir daha şahidi olduq. Ermənilər rayonun bütün infrastrukturunu-məktəblərini, baxçalarını, xəstəxanalrını, mədəniyyət obyektlərini, tarixi abidələrini dağıdaraq yerlə-yeksan ediblər. 5 tarixi əhəmiyyətə malik məscid binasını barbarcasına dağıdıblar. Ermənilər Cəbrayılda Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçiriblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq təhqir olunub.

Erməni vandallığını sübut edən ən tutarlı faktlardan biri də onların Dağlıq Qarabağda, o cümlədən Cəbrayıl rayonunda həyata keçirdikləri ekoloji terrordur. Keçmiş sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş yaşı 1600, 900, 500 il olan çinarların məhv edilməsidir. İşğal etdikləri ərazilərdə ekoloji vandalizm və soyqırım həyata keçirən ermənilər Cəbrayıl ərazisində olan min hektarlarla palıd, vələs, şah çinar, fısdıq, qovaq meşələrini məhv ediblər.

Ucsuz –bucaqsız səhraya çevrilən dağıdılmış Cəbrayılda ermənilərin törətdikləri vəhşilikləri canlı görmək məqsədilə səfər edən xarici diplomatlar gördüklərindən dəhşətə gəldiklərini dilə gətiriblər.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev dönə-dönə demişdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq, lazim gələrsə hərb yolu ilə torpaqlarımızı düşməndən azad edəcəyik və doğma torpaqlarımıza qayıdacayıq.

Bəli, Ali Baş Komandanın rəhbərliyi, Şanlı Ordumuzun qəhrəmanlığı, xalqımızın fədakarlığı sayəsində işğala son qoyuldu və Böyük Qayıdışın başlanğıcı qoyuldu. Daha doğrusu, Böyük Qayıdışın başlanğıcı 2016-ci il Aprel döyüşləri, Cocuq Mərcanlı və Lələtəpənin düşməndən azad olunması ilə başlamışdı. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu.

Müharibə bitdikdən dərhal sonra azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə start verildi.

Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə quruculuq işlərinin aparılması qarşıya vəzifə kimi qoyuldu.

Prezident İlham Əliyevin 4 oktyabr tarixində Cəbrayıl rayonuna səfəri bir daha sübut etdi ki, Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası sistemli şəkildə aparılır.

Cəbrayılın düşməndən azad olunmasının bir ilinin tamamında rayona səfər edən Prezident Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoydu. Səfər çərçivəsində çıxış edən Prezident qeyd etdi ki, biz bütün gücümüzü səfərbər etmişik ki, Cəbrayılı və digər bütün rayonları qısa zaman ərzində bərpa edək.

Prezident İlham Əliyev səfər zamanı Şərqi Zəngəzur İqtisadi Rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoyub. Sənaye Parkının yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması sahibkarlıq fəaliyyətinin inkişafına zəmin yaradacaq. Sahibkarlıq fəaliyyətini tənzimləyəcək idarəetmə qurumlarının yerləşdiyi ərazi olacaq.

Bundan başqa, dövlət başçısı Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlini qoyub. Eyni zamanda 110/35/10 kV-luq “Cəbrayıl” yarımstansiyasının açılışında da iştirak edib. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektrik təchizatının demək olar ki, bütün işləri görülüb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri də qoyulub. Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcəklər.

Göründüyü kimi İkinci Qarabağ müharibəsinin qalib dövləti kimi Azərbaycan regionun hərtərəfli inkişafı istiqamətində ciddi addımlar atır. Yaranmış yeni reallıqlar fonunda həyata keçirilən proseslər göstərir ki, qaşıdakı yaxın illərdə Azərbaycan iqtisadi cəhətdən daha da güclənəcək və Böyük Qayıdışı reallaşdıracaq. Və ölkə Prezidenti möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi: “Təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.”

Yeganə Əhmədova, Əməkdar mədəniyyət işçisi, Sumqayıt şəhər Mərkəzi Kitabxananın direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər