Prezident İlham Əliyev CNN Türk -ə müsahibəsində Azərbaycanın siyasi iradəsini və dəyişməz mövqeyini bir daha bəyan etdi, üçtərəfli Bəyanatının bütün müddəlarına qeyd-şərtsiz riayət edilməsinin Cənubi Qafqazda davamlı sülhün, sabitlik və inkişafın bərqərar olması üçün zəruri şərt olduğunu vurğuladı. Eyni zamanda bu müsahibə Azərbaycana qarşı düşmən mövqe sərgiləyən, ölkəmiz üçün yeni təhdidlər törətmək niyyətində olan bütün qüvvələr üçün açıq bir xəbərdarlıq mesajı oldu.
“Azərbaycan Qurtuluş savaşına başlayaraq tarixi ədaləti bərpa etdi”
Prezident İlham Əliyev 30 il ərzində torpaqlarımız işğal altında olmasını böyük ədalətsizlik, beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət kimi dəyərləndirdi. Ölkə başçısı 44 günlük Vətən Müharibəsinin tarixi bir Zəfər olduğunu bir daha vurğuladı. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.
“Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provakasiyalar törədirdi”
Müzakirə prosesi çərçivəsində Ermənistan daim bizə qarşı fərqli təxribatlar, provakasiyalar törədirdi və müzakirə prosesinin müxtəlif dövrlərində biz bunu görürdük. Danışıqlar prosesində bir az tərəqqi olan kimi dərhal hərbi təxribat, provakasiya törədilirdi, bizə, mülki əhaliyə hücum edirdi və danışıqları pozurdu. İkinci Qarabağ müharibəsindən əvvəl – iyul və avqust aylarında da Ermənistanın buna oxşar hərbi təcavüz etdiyini deyən dövlətimizin başçısı bildirib: “İyul ayında bizim mülki əhalini və hərbçiləri artilleriya atəşinə tutdu. Bunun nəticəsində bizdə itkilər olmuşdur. Avqust ayında isə təxribat qrupunu Azərbaycana göndərmiş və burada terror aktları törətməyə cəhd etmişdi. Bu təxribat qrupu da zərərsizləşdirildi. Bildiyiniz kimi, ondan sonra – sentyabr ayında yenə də bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutmuşdur. Bunun nəticəsində müharibənin ilk günündə bizdə mülki əhali və hərbçilər arasında itkilər, şəhidlər olmuşdur. Təbii ki, artıq buna son qoyulmalı idi və qoyuldu”.
“Biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik”
İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı. 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq. Hətta manevr etmək məqsədilə də geri addım atmadıq.
Ermənistan öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.
Tərtər şəhərinə, – o qədər də böyük şəhər deyil, – 20 minə yaxın raket düşmüşdür. Ancaq Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz yaxınlarını, öz qohumlarını, əqrəbalarını itirmiş insanlar da deyirdilər ki, ancaq irəli getməliyik. Yəni, ermənilərin bu qeyri-insani davranışı da onlara heç bir xeyir, mənfəət gətirmədi, sadəcə olaraq, dünyanın gözü qarşısında özlərini növbəti dəfə vəhşilər kimi göstərdilər. Biz isə buna cavab vermədik, onun üçün Ermənistan tərəfində mülki əhali arasında itkilər çox azdır, təqribən 30 civarında və onların böyük əksəriyyəti savaşda iştirak edənlərdir. Bu, videokadrlarda da var. Biz görürdük ki, bəzi artilleriya qurğularının yanında mülki şəxslər də var və təbii ki, bizim atəşimiz ora düşəndə onlar da həyatlarını itirirdilər. Qarabağ bölgəsində – ermənilərin işğalı altında olan yerlərdə və onların yaşadıqları yerlərdə heç bir dağıntılar olmamışdır. Yəni, bu, bir daha onu göstərir ki, biz müharibəni də ləyaqətlə aparmışıq və savaşa xas olan bütün qaydalara riayət etmişik
“Hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq”
Prezident İlham Əliyev müsahibəsində İkinci Qarabağ müharibəsinin Zəfərlə nəticələnməsinin səbəbləri barədə də danışdı. Ölkə başçısı burada bir çox amillərin rol oynadığını bildirdi: “İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və bizim siyasətimiz. Çünki mən artıq 18 ilə yaxındır ki, prezidentəm və bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilmərik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənclər olmuşdur”.
Prezident İlham Əliyev qeyd etdi ki, Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillərdəndir: “Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı. Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq”.
“Biz xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında borcumuzu şərəflə yerinə yetirdik”
Prezident qeyd etdi ki, hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik. İşğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin vəsiyyəti barədə danışan dövlətimizin başçısı bldirdi: “Atamın vəsiyyəti təkcə Şuşa ilə bağlı deyildi, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra mən atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır. Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır”.
“Biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq”
Prezident İlham Əliyev müsahibəsində 30 il Vətən həsrəti ilə yaşamış insanların öz doğma yurdlarına qayıtması məsələsinə də toxundu. Ölkə başçısı bildirdi ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər. Həmçinin Füzuli şəhəri də, digər şəhərlər və bütün kəndlər də. İnsanlar yüz kilometrlərlə yol qət edirlər və yol boyunca görürlər ki, sağ-sol, hər tərəf dağıdılıb, yəni, qayıtmağa yer yoxdur.
Prezident İlham Əliyev vurğuladı ki, qayıdış üçün bizə zaman lazımdır. Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır. Bu yaxınlarda yenə də bir neçə kəndin planı mənə təqdim edildi, təsdiqləndi. Yaxın gələcəkdə o kəndlərin də layihələri icra ediləcək və tədricən biz insanları bölgələrə qaytaracağıq.
Prezident İlham Əliyev müsahibəsində toxunduğu əsas məsələlərdən biri də məhz Türkiyə ilə Azərbaycan arasındakı mövcud dostluq və qardaşlıq münasibətləri oldu. Olkə başçısı bununla bağlı olduqca mühüm mesajlar verdi. Diqqət yetirək:
- Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir.
- Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar.
- İndi bizim artıq başqa ölkələrlə də müttəfiqlik əlaqələrimiz formalaşmaqdadır. Bu, bəzilərini narahat edir. Çalışacaqlar ki, aramıza girsinlər, çalışacaqlar ki, provokasiyalar, təxribatlar, uydurmalar ortaya atılsın. Ona görə bizdən sonra gələn nəsil bu yolla getməlidir. Bu yol əbədi olmalıdır
- Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Birliyimiz də əbədidir. Yeni nəsil, gənc nəsil, bax, sizin nəsliniz gərək bizim yolumuzu davam etsin. Çünki biz bu təməli qoyduq, yoluna oturtduq, çox güclü müttəfiqlik yaratdıq, sarsılmaz birlik yaratdıq.
- Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı.
Bəli, Azərbaycan və Türkiyə qardaşlığı səmimi və təbiidir. Bu qardaşlıq və dostluq münasibətləri cənab Prezidentin dediyi kimi, əməldə və real addımlarda təcəssüm olunur. Türkiyə-Azərbaycan birliyi düşmənlərimizi əbədiyyən üzəcək və məğlub edəcək
Ölkə başçısı geniş və əhatəli müsahibəsində 30 illik işğal tarixinə nəzər saldı, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən danışdı, postmüharibə dövrü ilə bağlı hədəfləri açıqladı. Beləliklə, deyə bilərik ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər müharibə zamanı, isttərsə də müharibədən sonrakı dövrdə verdiyi hər bir müsahibə gələcək nəsillər üçün, Azərbaycanın müasir tarixini öyrənmək üçün zəngin bir mənbə rolunu oynayacaq.
Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru