Prezident İlham Əliyev peyvəndlə bağlı dünyaya çağırış etdi: “Qeyri-bərabərlik narahatlıq doğurur”

830

Prezident İlham Əliyev peyvəndlə bağlı dünyaya çağırış etdi: “Qeyri-bərabərlik narahatlıq doğurur

COVID-19 pandemiyası ilə daha sürətli və daha effektiv şəkildə mübarizə aparmaq üçün dünya ölkələri arasında vaksinlərin ədalətli bölgüsü təmin olunmalıdır. Azərbaycan ilk gündən bu təşəbbüsü dəstəkləyən ölkələrdən olub. Təsadüfi deyil ki, Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri oldu.

Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda qlobal çağırışlarla çıxış etdi, təşəbbüslər irəli sürdü. Pandemiya ilə effektiv mübarizə məqsədi ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələr arasında peyvəndlərin bərabət bölünməsinin təmin edilməsi ilə bağlı qətnamə irəli sürdü və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul olundu.

Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasındakı çıxışı zamanı ölkəmizin pandemiya ilə mübarizə sahəsində gördüyü işlərə nəzər saldı, önəmli mesaj və təkliflərlə çıxış etdi.

Ölkə başçısı bildirdi ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edib: “Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar.”.

Prezident çıxışında qeyd etdi ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb.

Sitat: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir”

Ölkə başçısı bəyan etdi ki, Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir: “Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür”.

Prezident İlham Əliyev çıxışı zamanı bir daha dünyaya səsləndi: “Biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya prosesinə start verən ölkədir. Ölkəmizdə bu ilin yanvar ayından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Bu gün də bu proses uğurla davam edir. Prezident İlham Əliyev çıxışını izləyərkən bir daha şahidi olduq ki, Azərbaycan yalnız özünü düşünmür, əksinə pandemiya ilə mübarizədə həmrəyliyin vacibliyini önə çəkir, dünyanı bu mübarizədə ədalətli davranmağa səsləyir. Dünyaya verilən verilən mesaj isə budur: “Biz pandemiyanı qlobal həmrəyliklə məğlub edə bilərik”.

Emin Əliyev, YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər