Prezident İlham Əliyevdən mühüm mesajlar və xəbərdarlıq!

903

15 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə çıxış edən ölkə başçısı bir çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, cari ilin altı ayı ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr əldə olunmayəb. Ermənistan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərini müharibənin bitməsindən  1 il 8 ay keçməsinə baxmayaraq icra etmir. 10 noyabrda imzalanmış üçtərəfli bəyanata əsasən, erməni hərbi birləşmələri ölkəmizin ərazisindən çıxarılmalıdır. Həm də Zəngəzur dəhlizi açılmalı və sutkanın 24 saatı Naxçıvanla maneəsiz əlaqəmizi təmin etməlidir. Üçtərəfli bəyanat imzalanan ilk gündən ermənilər Laçın dəhlizi vasitəsilə sərbəst hərəkət edirlər.

Prezident İlham Əliyev bundan öncəki çıxışlarında da vurğulayıb ki, əgər Zəngəzur dəhlizi tezliklə açılmazsa, Laçın dəhlizini bağlaya bilərik. Prezident Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasının olmadığını bildirdi. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu da verilməyib. Həmçinin, ölkə başçısı erməni hərbi birləşmələri ərazimizdən çıxarılmazsa, biz anti-terror əməliyyatları aparıb, ərazimizi erməni hərbiçilərdən təmizləyə biləcəyimizi də istisna etməyib. Bununla yanaşı biz ordumuzu daha da modernləşdirərək gücləndiririk. Dövlət başçısı əgər məsələlər danışıqlar yolu ilə həll olunmazsa, yenidən müharibəyə hazır olduğumuzu bəyan edib.

Əhalinin sosial müdafiəsi dövlətimizin siyasətində bu amil başlıca yer tutur, o cümlədən qazilər, şəhid ailələri qayğı ilə əhatə olunublar. Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər – o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır

Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib.

Reabilitasiya mərkəzləri yaradılıb, ən müasir texnologiyalarla təchiz edilib. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.

Cənab Prezidentin  çıxışları təkcə ölkəmizdə deyil, region ölkələrində, o cümlədən dünya mətbuatında da diqqətlə izlənilir. Hesab edirəm ki, ölkə başçımızın Ermənistanla bağlı ünvanladığı mesajlar qarşı tərəfi düşündürəcək və danışıqlar yolu ilə razılaşdırılmış məsələlərin həll olunması üçün hərəkətə keçəcəklər. Əks təqdirdə, Ermənistan dəmir yumruq altında sülh sazişinə imza atmalı olacaq və üzərinə götürdüyü öhtəliyi yerinə yetirəcək!

Sevinc Qasımova
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər