Prezident islahatların bundan sonra da davam edəcəyi anonsunu verdi

787

Xüsusilə son illərdə ölkəmizdə aparılan islahatların yeni fazaya daxil olması dayanıqlı inkişafın bünövrəsini təşkil edir. Təsadüfi deyil ki, Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında da mövqelərini hər ötən il daha da yaxşılaşdırır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı islahatların bundan sonrakı mərhələdə də ardıcıl şəkildə davam edəcəyinin anonsunu verdi.

2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı ölkənin yeni reform dövrünə qədəm qoyacağını elan etdi. Qısa zamanda idarəçilikdə yeni çağırışlar nəzərə alınmaqla kadr, insitusional və struktur islahatlarına start verildi. Bu islahatlar hökumətin işində şəffaflığı, mobilliyi təmin etməyə və nəzarət mexanizmlərini təkmilləşdirməyə imkan verdi və keyfiyyət dəyişikliklərini təmin etdi. Təsadüfi deyildi ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən biri olan “Doing Business” hesabatında Azərbaycan son bir neçə ildə dünyanın “Ən islahatçı on ölkə”si sırasına daxil edilir.

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxışı zamanı vurğuladı ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir: “Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır.

ABŞ-ın nüfuzlu Peterson İnstitutunun tərtib etdiyi və cari ilin fevral ayında nəşr olunan 2019-cu il üzrə Suveren Fondların Şəffaflıq və Hesabatlılıq üzrə qiymətləndirmə cədvəlində Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünya üzrə 5-ci yerdə qərarlaşması, eləcə də İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatlarında Azərbaycanın yüksək yerlərdə qərarlaşması, şübhəsiz, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflaşdırılması, gəlirlərinin ədalətli bölgüsünə hesablanmış islahatların məntiqi nəticəsidir. Dövlət başçısının iradəsi və ritorikası isə islahatların davam edəcəyini təsdiqləyir.

Ölkə rəhbəri yeni dövrün göz qabağında olduğunu bir daha diqqətə çatdırdı: “Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik”.

Vergitutma bazası genişlənir, kölgə iqtisadiyyatı aradan qaldırılır və şəffaflıq təmin olunur. Ancaq islahatlar yalnız iqtisadi sahənin sərhədləri ilə məhdudlaşmır. Görünən odur ki, ölkədə siyasi dialoq da yeni fazaya daxil olub.

Prezident İlham Əliyev yeni dövrdə siyasi dialoqun daha da dərinləşməsinin vacibliyinə diqqət çəkdi: “Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, – əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub”.

Ölkənin inkişafında strateji resurs sayıla biləcək milli və siyasi həmrəylik Vətən Müharibəsində qələbəmizi şərtləndirən vacib amillərdən birinə çevrildi. İndi qarşıda növbəti vəzifə dayanır: Ölkəmizin yeni regional reallıqlar fonunda mövqeyini gücləndirmək. Bu mərhələdə də yeni siyasi iqlim və həmrəylik əhəmiyyətli rol oynayacaq.

Vüsal Məmmədov, “168saat” qəzetinin baş redaktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər