Prezident nazirlərin toplantısında Sumqayıtdan  danışdı: "İki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi"

3739

“Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir.”

SUMQAYITXEBER.COM-un xəbərinə görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Prezident İlham Əliyev qeyd edib ki, 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur – hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri – infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər.”

Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər