Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Anar Nazim oğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.
Axar.az xəbər verir ki, Anar Eminov 1992-1999-cu illərdə Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində təhsil alıb. 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə ilə bitirib. 2003-2004-cü illərdə Türkiyənin Egey Universitetində, 2004-2006-ci illərdə isə Doqquz Eylül Universitetində magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisasına yiyələnib.
O, 2006-2010-cu illərdə Qərb Universitetində hüquqşünaslıq təhsili alıb. 2006-2007-ci illərdə Beynəlxalq Ticarət İnstitutunun elektron ticarət ixtisasını (distant) bitirib. 2012-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2016-cı ildə dosent elmi adını alıb.
2018-ci ildə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru təyin olunub.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib.
Sosial sahələrə istiqamətlənmiş investisiya layihəsinin effektivliyi ilə bağlı tədqiqatlar aparır. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir.
Müzakirə qapadılmışdır.