Sumqayıtda Beynəlxalq Ailə Günü münasibətilə tədbir keçirilib

136

Sumqayıtda Beynəlxalq Ailə Günü münasibətilə geniş tədbir keçirilib. Tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Reabilitasiya Mərkəzinin və “Gənclik city”nin təşkilatçılığı ilə baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, xüsusi qayğıya ehtiyacı olan ailələrin nümayəndələri, şəhər ictimaiyyəti və müxtəlif qurumların təmsilçiləri iştirak ediblər.

Çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova bildirib ki, ailə cəmiyyətin təməlidir və sağlam ailə modeli güclü dövlətin əsas dayaqlarından biridir. O qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ülviyyə Müzəffərova Sumqayıtda şəhid ailələrinə, qazilərə və xüsusi qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərildiyini vurğulayıb. Bildirib ki, şəhərdə mütəmadi olaraq sosial layihələr, maarifləndirici tədbirlər və humanitar aksiyalar həyata keçirilir. Onun sözlərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailələrin sosial rifahının yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Daha sonra çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi təşkilatı və humanitar məsələlər üzrə şöbənin müdiri Gündüz Əliyev Beynəlxalq Ailə Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, BMT tərəfindən təsis edilən bu gün ailə institutunun möhkəmləndirilməsi, ailədaxili münasibətlərin sağlam əsaslar üzərində qurulması və cəmiyyətin diqqətinin ailə dəyərlərinə yönəldilməsi baxımından xüsusi önəm daşıyır. Gündüz Əliyev qeyd edib ki, Sumqayıtda ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaqların sağlam mühitdə böyüməsi və həssas kateqoriyadan olan ailələrin problemlərinin həlli daim diqqətdə saxlanılır. O, şəhər rəhbərliyinin xüsusi qayğıya ehtiyacı olan ailələrə hər zaman dəstək göstərdiyini və bu istiqamətdə tədbirlərin davamlı xarakter daşıdığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva isə rəhbərlik etdiyi müəssisədə həyata keçirilən sosial layihələrdən danışıb. O bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin cəmiyyətə inteqrasiyası, onların psixoloji və sosial dəstəklə əhatə olunması əsas məqsədlərdən biridir. Pərvanə Hacıyeva qeyd edib ki, belə tədbirlər ailələrin motivasiyasının artırılması, onların cəmiyyət içərisində daha fəal iştirakının təmin olunması baxımından mühüm rol oynayır. O, Sumqayıt Şəhər İcra Hakimiyyətinin bu kateqoriyadan olan ailələrə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib.

Digər çıxış edənlər də ailə institutunun qorunmasının vacibliyindən bəhs edib, milli-mənəvi dəyərlərin gələcək nəsillərə aşılanmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, cəmiyyətin inkişafında sağlam ailə münasibətləri mühüm rol oynayır və ailələrin sosial rifahı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqramlar təşkil olunub, müxtəlif musiqi nömrələri təqdim edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar və ailələr üçün sosial dəstək aksiyası keçirilib, iştirakçılara hədiyyələr təqdim olunub.

Sonda tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşkilatçılara təşəkkür edərək, belə layihələrin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.


 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər