Qadınların maraqlarına xidmət edən internet səhifəsi də istifadəyə verilib.
«Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi» ictimai birliyinin rəhbərliyilə regionlarda qadın hüquqlarının gücləndirilməsi və onların hüquqi biliklərinin artırılması məqsədilə layihə həyata keçirilir. Avstraliya Hökumətinin maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində Gəncə, Lənkəran, Quba şəhərlərinin yerli telekanallarında teledebatlar təşkil olunacaq. Bu istiqamətdə artıq işlər yekunlaşıb və teledebatlarda qadınların üzləşdikləri hüquqi problemlər auditoriya vasitəsilə geniş müzakirə olunacaq, ekspet rəyləri dinləniləcək. Teledebatlarda mövcud problemlə bağlı mütəxəssislər də iştirak edəcək ki, efir vasitəsilə qadınlara hüquqi biliklər və məsləhətlər əldə etmək üçün şərait yaradılacaq. Bu barədə məlumat verən layihənin rəhbəri Elçin Məmmədin sözlərinə görə layihə nəticəsində qadınlar üzləşdikləri problemin daha tez həllinə nail olmaq və ya qəti qərarlar qəbul etmək üçün hüquqi yardım və rəsmi orqanlar ilə birbaşa təmas qurmaq şansına sahib olacaqlar. “Regionlardakı televiziyalarda qadın problemləri və qadın hüquqlarına dair verilişlərin artması yerli televiziyaların fəaliyyətində gender bərabərliyini təmin etməklə yanaşı, bu sahədə bir milyona yaxın vətəndaşın maariflənməsinə şərait yaradacaq”. Layihə rəhbəri onu da bildirdi ki, qadınların maraqlarına xidmət edən bütün informasiyaları özündə cəmləşdirən internet səhifəsi istifadəyə verilib (www.allforwoman.com) və hüquqları pozulmuş qadınlara pulsuz hüquqi yardımlar da göstərilir. “Nəzərdə tutulan fəaliyyətlərin icrası nəticəsində regionda qadınlara qədimdən qalma adətlərə əsaslanan münasibət qanunvericilik və hüquqi tənzimləmə ilə əvəz olunacaq. Qadınlar təbliğat işləri nəticəsində beynəlxalq və milli qanununvericiliyin onlara verdiyi hüquqları mənimsəyəcək, ailə, mülikiyyət, əmək, seçki, təhsil kimi vacib sahələrdə öz hüquqlarını müdafiə etmək üçün mühüm biliklər əldə edəcəklər. Həmçinin, qadınlar yerli adətlərin təsirindən uzaqlaşıb vətəndaş cəmiyyəti institutları ilə işlələməyə alışacaqlar”.
Onu da qeyd edək ki, qeyd edilən layihə “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” ictimai birliyi, “Müasir Dünya” İqtisadi Maarifləndirmə ictimai birliyi, “Yüksəliş naminə” qəzeti və Quba QHT-lərə Dəstək Mərkəzindən ibarət koalisiya şəklində həyata keçirilir.