Qalib Azərbaycan Ordusu daha da güclənir

952

23 iyun 2023-cü ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin tabeliyində yaradılmış yeni komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, Döyüş bayrağını təqdim etmə mərasimində iştirak etdi. Hərbçilər qarşısında çıxış edən Müzəffər Ali Baş Komandan bölgədə gedən siyasi proseslərlə bağlı mühüm məqamlara toxundu.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın xüsusi təyinatlıları bir sıra uğurlu əməliyyatlar keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Bu baxımdan bu qoşun növünün artırılması və Ordumuzun maddi-texniki təminatının gücləndirilməsi əsas prioritet kimi seçilib.

Azərbaycan Ordusu Vətən Müharibəsində düşməni darmadağın edərək, doğma torpaqlarımızdan qovdu. 30 illik işğaldan sonra ərazi bütövlüyümüz bərpa olundu. Dövlətimizin başçısı qeyd etdiyi kimi, mövcud reallıqlar, gərgin geosiyasi vəziyyət bizi diqqətli olmağa, daha da güclənməyə vadar edir. Ermənistan regionda sülhü və sabitliyi təmin edəcək sülh sazişinin imzalanmasını ləngidir. Ermənistandakı revanşist qüvvələr anlamırlar ki, bu saziş daha çox onların ölkəsinə və xalqına lazımdır. Onlar özlərini yaxşı aparmadığı təqdirdə, mütləq yenidən cəzalarını alacaqlar.

Dövlət başçısı çıxışında sülh gündəliyini təhdid edən, baş qaldırmış revanşist qüvvələr və Ermənistana havadarlıq röyasında olan siyasi dairələrə də mesajlar verdi. Prezident Ilham Əliyev vurğuladı ki, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür. Ermənistan keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, müsbətə doğru atılan bir addımdır. Ancaq bundan sonra həmin bu ifadələr kağız üzərində də olmalıdır və Ermənistan buna imza atmalıdır. Belə olan halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər.

Prezident Ilham Əliyev bildirdi ki, son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanda müasir ordu quruculuğu istiqamətində mühüm tədbirlər, layihələr həyata keçirilir. Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki bazasının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, müasir silah-sursat, hərbi texnika ilə təmin olunması prosesi davam etdirilir. Artıq yeni silahların alınması ilə bağlı müqavilələr də imzalanıb. Müqavilə əsasında ölkəmizə yeni pilotsuz uçuş aparatları və uzaqmənzilli raketlər gətiriləcək. Bu, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını daha da artıracaq. Bir sözlə, ordumuz güclənməkdə davam edir. Bu dövlətimizin, eləcə də bütün regionun təhlükəsizliyi baxımından vacibdir.

Qürur hissi ilə qeyd etmək lazımdır ki, bugünkü qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımızın bilavasitə rəhbərliyi ilə qalib ordu statusu alıb. İndi Azərbaycan qalib dövlət kimi həyatının ən xoşbəxt günlərini yaşayır. Heç şübhəsiz ki, bu uğurlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamçısı Prezident İlham Əliyevin xidmətləridir. Bu gün qüdrətli Azərbaycan dövləti qalib sərkərdə və qalib ordu vəhdətinin gücü ilə daha da ucalır.

 Rüfət Mahmudzadə, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər