Qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq – Azərbaycanın qələbəsini bu amillər şərtləndirdi

860

Prezident İlham Əliyev: Biz heç vaxt işğal dövrünü, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibəsində 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun ön cəbhədə vətənimizin ərazi bütövlüyü uğrunda apardığı əzmli mübarizəsindən, xalqımızın arxa cəbhədə möhkəm birliyindən söz açaraq, Azərbaycan Ordusunun inamlı Qələbəyə gedən yolundan danışıb.

Ali Baş komandan, Prezident İlham Əliyev bildirib ki, Ermənistan tərəfindən təmas xəttindəki mövqelərimizin və yaşayış məntəqələrimizin artilleriya atəşinə məruz qalmasına adekvat cavab verməklə müharibəyə qoşulan Azərbaycan Ordusu Vətən müharibəsinin ilk anından dayanmadan irəlilədi.

İlk gündən düşmənin müdafiə xəttini yarmağa nail olan Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi hərbi əməliyyatların birinci gününün sonunda azad etdi və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Öz müsahibəsində: “beynəlxalq hüquq və təşkilatlara olan inamımız və xüsusilə də məsuliyyətli ölkə olmağımız, müharibəyə hər zaman hazır olsaq da, bizi dayandıran amil idi”, deyə vurğulayan dövlət başçısı, dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planının çoxdan işlənib hazırlandığını, texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edildiyini də bildirdi.

Azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etdikdən və bu termin Azərbaycan cəmiyyəti tərəfindən qəbul edildikdən sonra, artıq hərbi əməliyyatların gedişində “dəmir yumruq” terminin formallaşdırılmasına və əməliyyatın bu cür adlandırılmasını qərar verdiyini bildirən ölkə başçısı xüsusi olaraq onu da qeyd etdi ki, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilir, döyüş əməliyyatları planına demək olar ki, hər gün düzəlişlər edilirdi.

2016-cı ilin aprelində döyüş əməliyyatlarının gedişində və 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın sərhədində qan tökülmədən əməliyyat aparmaq imkanlarımızı nümayiş etdirməklə, əslində Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirmək və lazımi nəticələr çıxarmaq üçün Ermənistana fürsət yaranmışdı. Lakin , o vaxt biz dayananda təəssüf ki erməni tərəfi bizim bu hərəkətimizi düzgün başa düşmədi və bu, onlara baha başa gəldi deyən  Prezident İlham Əliyev öz müsahibəsində qeyd etmişdir ki, düşmən təqribən 30 il ərzində özünə müdafiə xətti möhkəmləndirmişdi və İndi artıq işğaldan azad edilmiş ərazilərdə bu xəndəkləri, tank əleyhinə maneələri, tikanlı məftilləri və minalanmış sahələrin bir hissəsini görmək mümükündür. Ordumuz tərəfindən elə ilk gündə düşmənin müdafiə xəttinin yarılması, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

Düşmənə gözləmədiyi zərbənin vurulduğu uğurlu Hadrut əməliyyatından, oktyabrın əvvəlində ilk şəhər-Cəbrayılın, oktyabrin 17-də Füzuli şəhərinin, Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi, Laçın dəhlizinə nəzarət etməyimizə imkan verən Laçın rayonunun Güləbird və digər kəndlərinin daha sonra, Qubadlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb etmişdir. Həmin vaxt artıq qaçmağa başlayan düşmənin müqavimət göstərməyə gücləri çatmadı, səhvə yol verdilər, müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibəsində onu da xüsusi qeyd etdi ki, Şuşa əməliyyatı bizim qələbəmizin zirvəsidir. Şuşanın azad edilməsi misli görünməmiş igidlik, qəhrəmanlıq, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Şuşaya Zəfər yolu ilə gedən hər kəs indi bizim oraya haradan getdiyimizi görə bilər. Şuşanın alınması ilə düşmən praktiki olaraq təslim oldu.

Təbii ki, 44 günlük Vətən müharibəsində əldə qələbənin əldə olunmasında dövlətimizin uzun müddət öz potensialını möhkəmləndirilməsi, iqtisadi müstəqilliyə nail  olunması, artıq 2010-cu ildən Azərbaycanın tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qadir olmasının mühüm payı vardır.

Öz müsahibəsində pilotsuz uçuş aparatlarının İkinci Qarabağ müharibəsində istifadə olunmasından bəhs edən ölkə başçı, Azərbaycanın İsrail istehsalı olan pilotsuz uçuş aparatlarını 10 il bundan əvvəl almağa başladığını və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdiyini, daha sonra Azərbaycanın İsraildə istehsal edilmiş “Sky Striker” adlı pilotsuz vasitələri almağa başladığını, Azərbaycanın həm kəşfiyyat, həm də döyüş təyinatlı “Orbiter” PUA-ları da aldığını bildirdi: “Türkiyə PUA-lar istehsalına başlayan kimi biz “Bayraktar TB2”lərin ilk xarici alıcısı olduq. Döyüş əməliyyatları zamanı “Bayraktar”ların bir neçəsi daim havada olurdu. “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi. Müharibə dövründə “Bayraktar”lardan istifadə edilməsi silahlı qüvvələrimizin irəliləməsi, döyüş əməliyyatlarının aparılması, yeni mövqelərin tutmasında bizə çox kömək etdi” deyə qeyd edən Ölkə başçısı  bildirdi ki, “Bayraktar”lar Erməni ordusunun kabusuna çevrilmişdir. “Bayraktar”ların tankın üstünə düşəcəyindən qorxan Erməni tanklarının heyəti tanklardan tullanıb qaçırdı və beləliklə biz müharibə dövründə 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük.

İşğal altında olan ərazilərin azad edilməsində ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdirən  xüsusi təyinatlı bölmənin fəaliyyətində də söz açan ölkə başçısı bildirib ki, Müdafiə Nazirliyinin, Sərhəd qoşunlarının,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dəniz piyadaları, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları olmaqla 7 xüsusi təyinatlı qüvvə vardı, lakin əlbəttə, əsas funksiyanı Müdafiə Nazirliyinin xüsusi təyinatlıları yerinə yetirirdi

Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi Azərbaycanın müharibəni dayandırmağa hazır olduğu mövqeyi barədə bütün dövlətlər, o cümlədən Rusiya məlumatlı idi.  Şuşa şəhəri azad ediləndən sonra Azərbaycanın bu təklifinə reaksiya verildi və düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırıldı və reallıqlar nəzərə alındi. Azərbaycanın qalib ölkə, Ermənistanın isə kapitulyasiya etmiş ölkə olduğu faktını 10 noyabr tarixində imzalanmış Bəyanat təsdiq edir.

2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  paradda çıxış edərək demişdi ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qüdrətli Azərbaycan Ordusunun rəşadəti nəticəsində 2020-ci ilin Zəfər Paradında qalib ölkənin vətəndaşları bu sevinc və fərəh hissini yaşa bildilər.

Azərbaycan ordusunun şanlı qələbəsindən sonra Bakının mərkəzindəki  Hərbi Qənimətlər Parkının yaradılmasından söz açan Ölkə başçımız bildirib ki, bunun rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Düşməni əsla zəif hesab etmədiyimizi, onların çox yaxşı silahlandığını və həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsinin nümayiş etdirildiyinin vurğulandığı müsahibə də o da bildirilib ki, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. Parkda nümayiş etdirilən məqamlarda erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti də öz əksini tapıb. “Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir”. Birinci Qarabağ müharibəsində insanlar öz əmlakını, o cümlədən şəxsi avtomobillərini atıb qaçanda ermənilər Azərbaycan xalqını alçaltmaq üçün həmin şəxsi avtomobillərin nömrələrindən bir divar düzəltmişdilər. Əslində, bu divar onların hərbi cinayətlərindən xəbər verirdi. Onlara cavab olaraq, bütünlüklə atılmış və qənimət götürülmüş yük maşınlarının nömrələrindən ibarət pannon düzəldildi, üzərində “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yazıldı. və hazırda Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Müharibə başa çatıb və bizim bu səhifəni çevirməyə hazır olduğumuzu deyən Müzəffər Ali Baş Komandan bildirib ki, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq.

Beləliklə, Prezident İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də müsahibəsində həm daxili həm də xarici auditoriya üçün olduqca mühüm mesajlar verdi. Hər kəs bilməlidir ki, bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ordumuz qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir.

Aygün Zülfüqarlı, Sumqayıtın Tarixi Muzeyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər