Müstəqilliyimizin şərəf səhifəsinə, tariximizin qəhrəmanlıq salnaməsinə çevrilən İkinci Qarabağ müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğrunda ayağa qalxdı. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.
Noyabrın 8-də tarixi Zəfərimizin bir ili tamam olur. İstər müharibənin başlanmasına qədər cərəyan edən prosesləri, aparılan danışıqları, istərsə də 44 günlük savaş və ondan sonrakı hadisələri təhlil edəndə görürük ki, Azərbaycan yalnız Ermənistana və ya bir ovuc erməniyə qalib gəlməyib. Bu müharibə ilə Azərbaycan Ermənistanın arxasında dayanan güclərə, böyük rıçaqlara malik olan siyasi mərkəzlərə, erməni təəssübkeşlərinə qalib gəlib. Əslində, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasının, danışıqlar prosesinin uzanmasının əsas səbəbkarı da məhz həmin güclər idi və onların məqsədi işğal olunmuş Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması və ya həmin ərazilərin zamanla Ermənistana birləşdirilməsi idi.
İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vuran Azərbaycan onların bütün planlarını alt-üst etdi. Möhtərəm İlham Əliyev sərkərdə qətiyyəti ilə döyüş meydanında düşməni darmadağın etdiyi kimi, siyasi-diplomatik sferada da erməni təəssübkeşi olan siyasi mərkəzləri tərksilah etdi. Həm müharibə, həm də ondan sonra Prezident İlham Əliyev onların iddia və arqumentlərini tarixin zibilliyinə göndərdi. Dövlət başçısı Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanı öz yolundan heç bir qüvvə dayandıra və ya döndərə bilməz və dövlətimiz istənilən vasitə ilə milli maraqlarını təmin etməyə qadirdir.
Biz bu müharibəni Prezident İlham Əliyevin qətiyyətli, müdrik və uzaqgörən siyasəti, ordumuzun döyüş gücü, hərbçilərimizin, vətən eşqi ilə savaşa yollanan oğullarımızın qəhrəmanlığı, vətənpərvərliyi və şücaəti ilə azad etdik. Müharibə itkisiz olmur, biz bu yolda şəhidlər də verdik. Azad olunmuş torpaqlarımız həm də şəhidlərimizin qanı ilə müqəddəsləşib. Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi daim uca tutulacaq.
Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələnin əsas hədəfi işğaldan azad olunmuş ərazilərin bərpasıdır. Prezident İlham Əliyevin azad olunmuş rayonlara səfərləri zamanı infrastruktur obyeklərinin istifadəyə verilməsi hər birimizdə qürur doğurur və görünən odur ki, dövlətimiz Qarabağ və Şərqi Zəngəzuru ən qısa vaxtda yenidən qurmaqla doğma ellərindən köçkün düşmüş bütün vətəndaşlarımızın layiqli həyat şəraitini təmin edəcək. Azad olunmuş ərazilərimizin “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri əsasında bərpası, elektrik yarımstansiyalarında smart idarəetmə sistemlərinin tətbiqi, Füzuli Beynəlxalq Hava Limanının müasir tələb və göstəricilərə cavab verməsi onu göstərir ki, dövlətimiz Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasını ən yüksək və modern standartlar çərçivəsində həyata keçirir.
Azərbaycanın qələbəsinə dostlarımız sevindi, bədxahların isə bağrı yarıldı. Müharibənin başa çatmasından ötən bir ildə də bu, özünü göstərdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı və ikinci dəfə işğaldan azad olunmuş ərazilərimizə səfər etməsi təsdiq etdi ki, qardaş Türkiyə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması zamanı da dəstəyini əsirgəmir.
44 günlük savaşda əldə olunan qələbə xalqımızın qürur istinadgahıdır. Bu Zəfərin memarı isə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Xalqımızı məğrur edən bu Qələbə milli ləyaqətimizin rəmzi, kimliyimizin təntənəsi kimi hər zaman tariximizə işıq salacaq.
Müşfiq MƏMMƏDLİ, Milli Məclisin deputatı