Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub.
Bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli əmr imzalayıb.
S. Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.
2010-2013-cü illərdə əvvəlcə “Farmservis” MMC-də, daha sonra isə “YurAz Farmasyutikl İndastriz” MMC-də marketinq üzrə menecer vəzifəsində işləyib. 2013-2014-cü illərdə “Avromed” özəl tibb mərkəzində filial direktoru vəzifəsini icra edib.
S. Məmmədovun sonuncu iş yeri Suraxanı Tibbi Bərpa Mərkəzi olub. Məmmədov 2014-2015-ci illərdə həmin mərkəzdə baş həkim, daha sonra isə direktor vəzifələrini icra edib.