Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Lent.az-ın məlumatına görə, bu işə Nərimanov rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə baxılır.
İttihama görə, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.
İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.
İstintaqa təqsirləndirilən şəxs qismində ifadə verən Elşən Əsgərli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Lent.az E.Əsgərlinin istintaqa verdiyi ifadəsindən bəzi məqamları sizlərin diqqətinizə çatdırır.
O, ifadəsində qeyd edib ki, 2012-ci ildə Aysel Şükürova ilə ailə həyatı qurub və həmin nikahdan bir övladı olub:
“2016-cı ilin yanvarında Nizami rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Biz ayrıldıqdan sonra normal münasibətimiz yenə də olub. Həftənin şənbə-bazar günləri azyaşlı övladım mənim yanımda, qalan günləri isə keçmiş həyat yoldaşım Aysel Şükürovanın yanında qalıb. Həm Ayselin özü ilə, həm də ailə üzvləri ilə normal münasibətim olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin sentyabrında Ayselin Oqtay Əhmədovla görüşməyə başlamasını və ailə qurmaq istəməsini eşidib:
“Artıq Aysel ilə ailəli olmadığım üçün onun kiminlə evlənmək istəməsinin mənə heç bir əhəmiyyəti yox idi. Bu ərəfədə sentyabr ayının şənbə günlərindən birində azyaşlı oğlumun yanında olarkən keçmiş qaynım Samit Şükürov yanıma gəldi, uşağı birgünlük ona verməyimi istədi. Həmin vaxt normal münasibətimiz olduğundan buna etiraz etmədim. Oğlumu dayısı Samitə verdim. Samit uşağı məndən alanda bildirdi ki, ertəsi gün geri qaytaracaq. Səhəri gün Samitə zəng etdim, uşağı nə vaxt gətirəcəyini soruşdum. Samit dedi ki, oğlum Buzovna qəsəbəsində olan bağlarındadır. Və xahiş etdi ki, onu oradan götürüm. Onunla razılaşdıqdan sonra oğlumu götürmək üçün həmin bağ evinə getdim. Orada məni bağa gözətçilik edən şəxs qarşıladı və bildirdi ki, bundan az əvvəl Oqtay bağa gəlib, mənim uşağımı aparıb. Kənar adamın uşağımı aparması mənə pis təsir etdi. Bu səbəbdən qaynıma zəng edərək, öz iradımı bildirdim. Bundan sonra bizim münasibətlər pisləşməyə başladı”.
Elşən Əsgərlinin sözlərinə görə, 2016-cı ilin dekabrın sonlarında işləri ilə əlaqədar Ukraynaya gedib: “2017-cı il yanvarın 6-da Bakı şəhərinə qayıtmışam. Ailə üzvlərimin deməsindən mənə məlum oldu ki, Ukraynada olduğum ərəfədə hansısa şəxslər Ayselin “İnstagram” səhifəsinə təhqiredici şərhlər yazıb. Aysel və Oqtay bunun mənim tərəfimdən edilməsini düşünüblər. Telefonum bağlı olduğu üçün məndən şübhələniblər, bu səbəbdən Otqay “İstagram” səhifəmdə ünvanıma təhqiredici ifadələr yazıb”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu məsələni aydınlaşdırmaq üçün yanvarın 7-də Oqtayın adına olan mobil telefona zəng edib: “Telefona cavab verən şəxsin Oqtay olduğunu düşündüyüm üçün onun məni niyə təhqir etməsinin səbəbini soruşdum. Sonra onun da ünvanına təhqiredici ifadə işlətdim. Sonradan məlum oldu ki, Oqtayın həmin nömrəsini əmisi Şahin Əhmədov istifadə edir”.
Elşən Əsgərli bildirib ki, sonradan münasibətlərini aydınlaşdırmaq məqsədilə Oqtay Əhmədovla “Gənclik” metrostansiyasının yaxınlığında görüş təyin ediblər.
Təqsirləndirilən şəxs qeyd edib ki, görüş yerinə tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə gedib. Orada mübahisələri olduğunu deyən təqsirləndirilən şəxs söyləyib ki, həmin vaxt onların arasında dava olub.
Elşən Əsgərlinin ifadəsinə görə, həmin vaxt Oqtay Əhmədov ora əmisi Şahin Əhmədovla birlikdə gəlib. O qeyd edib ki, münasibətlərini aydınlaşdıran zaman Oqtay Əhmədovu vurmayıb.
Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub. Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.