Qurban bayramını qalib xalq kimi qeyd edirik

879

Fərqli xalqların və dinlərin nümayəndələrinin mehriban bir ailə kimi yaşadıqları Azərbaycanda yüz illərdir ki, qarşılıqlı hörmət və etimada əsaslanan dinc yanaşı yaşamaq mühiti mövcud olub. Etnik və mədəni müxtəliflik qorunub saxlanılıb. Ölkəmizdə hər il rəsmi olaraq qeyd olunan dini bayramlar cəmiyyətimizdə birlik və bərabərlik ruhunu daha da gücləndirir.

İslam dünyasının ən müqəddəs bayramlarından biri olan Qurban bayramı bütün müsəlman ölkələrində, eləcə də ölkəmizdə əziz bayram kimi qeyd olunur.

Sovet dövründə xalqımız üçün əziz olan Qurban bayramının unudulub yaddan çıxarılması üçün bayramın keçirilməsinə qadağalar qoyulsa da xalq onu el arasında ən əziz bayramlarından biri kimi qoruyub saxlayıb. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən, Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində bayram edilir.

Ölkəmizdə hər il dövlət səviyyəsində milli bayram kimi qeyd olunan Qurban Bayramı xeyirxahlıq və mərhəmət hisslərini özündə təcəssüm etdirir, eyni zamanda bərabərlik və tolerantlıq ruhunu daha da gücləndirir. Azərbaycan xalqı ən çətin dövrlərdə belə İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirib, Qurban bayramını ən dəyərli günlərdən biri kimi qeyd edib.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə dini dəyərlərə həssas münasibət göstərdi.

21 May 1994-cü ildə Qurban Bayramında ümummilli lider Bibiheybət ziyarətgahına gəldi və dövlətin dini və mənəvi dəyərlərlə bağlı əsas strategiyasını bəyan etdi. Bununla da dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası qoyuldu.

Ulu öndər Heydər Əliyev Bibiheybət Məscid-Ziyarətgah kompleksinin açılışı mərasimindəki çıxışı zamanı bildirmişdir: “İslam dininin dəyərləri ən yüksək mahiyyətə malik olan mənəvi dəyərlərdir. Bu dəyərləri yaşatmaq, insanları bu uca, ülvi, yüksək mənəvi dəyərlər səviyyəsində tərbiyə etmək Allahın buyruğudur, Məhəmməd peyğəmbərin qoyduğu yoldur. Mən böyük iftixar hissi ilə deyirəm ki, Azərbaycan xalqı bütün çətinliklərdən, bəlalardan, məhrumiyyətlərdən, zillətlərdən keçərək öz dininə, mənəvi dəyərlərinə daim sadiq olmuşdur və heç bir hakimiyyət, hökmdar bunların məhv edilməsinə nail ola bilməmişdir”.

Ulu Öndərin 1997-ci ildə Qurban bayramında xalqa müraciətindən başqa bir sitata diqqət yetirək: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir”.

Ümummilli Lider Heydər Əliyev dini bayramlar münasibətilə hər il xalqımızı təbrik edər, Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirərdi.

Bu gün Prezident İlham Əliyev bu ənənəni layiqincə davam etdirir. Prezident İlham Əliyev hər il Azərbaycan xalqına təbriklərini və ən xoş arzularını çatdırır.

Qurban bayramında Prezident İlham Əliyevin xalqa müraciətindən sitat:“Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Prezident İlham Əliyev Azərbaycan xalqının dini dəyərlərinə dərin hörmətlə yanaşaraq 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etdi.Azərbaycan müsəlman dünyasının ayrılmaz bir hissəsi olaraq Tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq, multikulturalizm, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mühitinin formalaşmasına və İslam dəyərlərinin təbliğinə misilsiz bir töhfələr verib.

Azərbaycanın İslam dünyasındakı nüfuzu, 2009-cu ildə Bakının, 2018-ci ildə isə Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsində əks olundu. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi qərarı ölkəmizin İslam həmrəyliyini gücləndirmək üçün əməli addımları atması üçün əlverişli şərait yaratdı.

Qurban bayramında müsəlmanlar Allah yolunda bütün fədakarlıqlara hazır olduqlarını nümayiş etdirdikləri kimi, 44 günlük Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında canlarından keçməyə hazır olduqlarını göstərdilər.

Azərbaycan xalqı öz övladlarının canını və qanını vətən yolunda əsirgəmədi. Xalqımızın cəsur övladları vətən uğrunda qurban getməyə hazır olduqlarını bir daha nümayiş etdirdi.

Qurban bayramı Allah yolunda, İkinci Qarabağ müharibəsi isə Vətən uğrunda fədakarlığın nümunəsidir. Hər il Qurban bayramında xalqımızın əsas dualarından, arzularından biri məhz tezliklə işğal altında olan torpaqlarımızın azad olunması idi.  Vətən müharibəsində qazandığımız Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.

Artıq bu torpaqlarda azan səsi ucalır, məscidlər bərpa olunur. Bu il 28 il sonra işğaldan azad olunmuş torpaqlarda Qurban bayramı qeyd olunacaq. Allah Azərbaycan xalqının bütün arzularını və dualarını qəbul etsin. Ölkəmizə sülh və əmin-amanlıq nəsib etsin.

Vüsalə Qurbanova, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər