Qürurla dalğalan, Azərbaycan Bayrağı!

1886

9 Noyabr Dövlət Bayrağı  Günüdür 

Qürur mənbəyimiz

İki il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz otuz illik torpaq həsrətinə son qoydu. Ərazilərimiz erməni vandallarının tapdağından xilas oldu. O günlərdə xalqımızı ən çox qürurlandıran anlardan biri də döyüşçülərimizin düşməni diz çökdürərək, azad olunmuş ərazilərimizdə dövlət bayrağımızı ucaltmaları və burada Ali Baş Komandana məlumat vermələrini əks etdirən videogörüntülər idi.

Bu mənzərəni izlədikcə sevincimiz yerə-göyə sığmırdı. Çünki bayraq dövlət rəmzlərindən biridir. Aylı, ulduzlu bayrağımız harada dalğalanırsa, orada Vətənin adı var.

Qırx dörd günlük Vətən müharibəsində Ermənistan öz layiqli cavabını aldı. Düşmənin silahlı qüvvələri şanlı ordumuz tərəfindən darmadağın oldu. İndi yağılardan geri aldığımız ərazilərdə – Ağdamda, Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə…Azərbaycan bayrağı dalğalanır.

O, üçrəngli bayraq ki, ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.

Xalqımız aylı-ulduzlu bayrağımızın müstəqil Azərbaycanın başı üstündə yenidən dalğanacağına böyük ümüd bəsləyirdi. Nəhayət, o günlər yaxınlaşdı. 1980-ci ilin sonlarında meydan hərəkatında üçrəngli bayrağımız qaldırıldı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olundu. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiqləndi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzaladı. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edildi. Bakıda Dövlət Bayrağı Muzeyi yaradıldı. Bir il sonra Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksinin təntənəli açılışı oldu.

Həmin meydanda dövlət bayrağımız dünyanın ən hündür bayraq dirəyində (162 metr) ucaldılıb. Bayrağın eni 35, uzunluğu 70 metr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Bəli, bayrağımız indi məmləkətimizin hər guşəsində dalğalanır. Bunun üçün qan tökdük, canımızı əsirgəmədik. Yumruq kimi birləşib düşmənə qalib gəldik. Qürurla dalğalan, Azərbaycan Bayrağı!

Faiq İsmayılov, Sumqayıt şəhər Ağsaqqallar şurasının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər