Həmkarım Rəşadın AFFA-nın yeməkxanasından hazırladığı reportajda maraqlı bir məqam var idi. Qurumun sözçüsü Mikayıl Nərimanoğlu asosasiya prezidentinin yeməkxanada heç vaxt yemək yeməməsinin səbəbini izah edərkən təxminən belə demişdi: “Rövnəq Abdullayev məşğul adamdır, o, əsasən Neft Şirkətində oturur…” İndi ilin günün bu vaxtında Rövnəq müəllim vacib işlərini bir kənara qoyaraq “Neftçi”nin etirazlarına münasibət bildirməli olub. Heç insafdandır? Kişini niyə işindən-gücündən ayırırsız axı? Yaddaşım məni aldatmırsa, “Xəzər Lənkəran”ın sabiq rumıniyalı çalışdırıcısı Mirça Rednikin “Neftçi”ylə kubok qarşılaşması zamanı papağını yerə çırpmasından sonra ilk hadisədir ki, cənab Abdullayev bu tonda açıqlamalar verir. Onda Rednik ölkə reallıqlarını nəzərə almır, özünü avropalılığa qoyub, Azərbaycanın qanunlarına riayət eləmək istəmirdi. AFFA prezidenti də hadisələrin bu ssenaridə inkişafının təhlükəli sonluğa yönələ biləcəyini görüb, məsələyə müdaxilə etməli olmuşdu. Söz elə vaxtını çəkər, 2 il bundan əvvəl elə yazın ortalarında Rövnəq müəllim bəyan eləmişdi ki, Rednik özünü yaxşı aparmır, fair-play qaydalarını kobud surətdə pozaraq papağını yerə çırpır. Federasiya prezidenti öz səlahiyyətlərinə uyğun olmasa da, açıq şəkildə AFFA İntizam Komitəsinə Rednikin qulağını burmağı tapşırmışdı. Həmin komitədə oturan buyruq qulları da rəhbərin bu tapşırığını canla-başla yerinə yetirmişdilər. Vədə həmin vədədir. Amma insafən, cənab Abdullayev “Neftçi”yə qarşı bir qədər mülayim davranıb, onlara xəbardarlıq edir ki, özlərini yaxşı aparsınlar, yoxsa tapşırıq verərəm, sizə daha ciddi sanskiyalar tətbiq olunar. Mən “Neftçi”nin rəhbərliyini şiddətlə qınayıram. Onlar gərək işi bu dərəcədə böyütməyəydilər. “Qarabağ”a məğlubiyyətdən sonra mətbuat konfransında dilinizi dinc saxlasaydız indi belə bir hədəylə üz-üzə qalmazdız. İnanmıram ki, AFFA prezidentinin silkələnən barmağını görəndən sonra Tahir Süleymanov yenə də “yuxarılarla” ultimativ tonda danışa, Böyükağa Hacıyev özünə qarşı hansısa gizli planların qurulduğundan bəhs edə. AFFA prezidentinin fikirlərində daha bir maraqlı məqam var. Federasiyanın rəsmi saytında yerləşdirilmiş həmin açıqlamarda qeyd olunub ki, ölkə çempionatında mübarizənin gərginləşməsi, rəqabətin artması xoşagəlməz hallarla müşayət olunur. Deməli, bu xoşagəlməz halları doğuran səbəblər tapılıb, qarşısı alınmasa rəqabət artdıqca Azərbaycan futbolu xaosa gedər, yaşıl meydanlarda kiminsa qanı axıdılar. Yazının əvvəlində boş yerə Rednikin papağını yerə çırpmasından sonra Rövnəq müəllimin məsələyə qarışmasını xatırlatmadım. Azərbaycan futbolunda baş verən bütün hadisələr bir-birinə qırılmaz tellərlə bağlıdır. Haçansa yol verilən nöqsanlar üstündən illər keçsə də yenidən özünü biruzə verməlidir. Son bir-neçə ildə gözəgörünməz qüvvələrin dəstəyi ilə futbol qarşılaşmalarını istədiyi kimi idarə edən hakimlərin əməllərinin cəzasını indi gənc hakimlər çəkir. Fariz Yusifovun, Anar Salmanov, Elçin Məmmədovun və Vüsal Əliyevin futbol ictimayyətində yaratdığı mənfi imiç öz təsirini digər hakimlərin işinə verilən ictimayi reaksiyada göstərir. Bu gün sıravi futbol azərkeşini Rəhim Həsənovun meydanda yol verdiyi mexaniki nöqsanın belə qərəzli olmadığına inandırmaq çətindir. “Neftçi”nin vitse-prezidenti neçə illərdir futbolun içində olduğundan hakimlərin iç dünyasını, bağlı qapılar arxasında gedən oyunları çox yaxşı bilir. Elə ona görə də bu gün hörmətli Tahir bəy inad edir ki, onların verdiyi apelyasiya şikayətinə özlərinin iştirakıyla və tələb edtikləri gündə baxılsın. Fikrimcə, Apelyasiya Komisiyasının iclasının aprelin 11-də baş tutmaması və növbəti gün Rövnəq Abdullayevin fikirlərinin federasiyanın rəsmi saytı vasitsiylə açıqlanması heç də təsadüfi deyil. PFL və Hakimlər Komitəsinin belə aşkar formada “əzələ nümayişi” “Neftçi”yə “sakitcə yerinizdə oturun!” çağırışıdır. Abdullayevin işə qarışmasından sonra rahatca şikayətləri müzakirə etmək, uzaqbaşı Böyükağa Hacıyevin 10 oyunluq cəzasını yeddi, yaxu altı oyuna qədər endirmək olar. Əsas odur ki, paytaxt klubun rəsmiləri bundan sonra oxşar hallarda daha səbrli davranıb, yüksək səsli bəyanatlar səsləndirməsinlər. Təəssüf ki, bu olay Azərbaycan futbolunda baş verən sonuncu qalmaqal deyil. Elə birincisi olmadığı kimi. Nə bilmək olar, bəlkə elə növbəti tur hakim idarəçiliyi hansısa digər klubun qəzəb püskürməsinə səbəb olacaq. Amma bir şey dəqiqdir ki, heç kim cəsarət edib “Neftçi” kimi hay-küy sala bilməyəcək. Axı, Rövnəq Abdullayev məşğul adamdır, onu hər gün ölkə çempionatında baş verənlərlə bağlı bəyanat səsləndirməyə məcbur eləmək olmaz.
Amal Abuşov