Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə fəxri qonaq qismində dəvət olunması ölkəmizin və Prezident İlham Əliyevin dünyadakı artan siyasi nüfuzunun göstəricisidir.
Sentyabrın 16-da keçirilən sammitdə Prezident İlham Əliyev dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin rolunu xüsusi olaraq vurğuladı. Prezident İlham Əliyev çıxışında bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkdi.
Dövlət başçısı qeyd etdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarını təqdim edilərkən bildirildi ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.
İldə 15 milyon ton yükaşırma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirən əsas həlqədir. 2022-ci ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit yüklərinin 50 faizə yaxın artması ölkəmizin təhlükəsiz və etibarlı tərəfdaş rolunun gücləndiyini göstərir. Xəzər dənizində 52 gəmi ilə ən böyük mülki yük donanmasına malik olan Azərbaycan dəniz ticarətində başlıca rol oynayır. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.
Dövlət başçısı çıxışı zamanı Ermənistanın dövlət sərhədində son zamanlar törətdiyi təxribatlardan da danışdı və regionda sülhün təmin olunmasının vacibliyini vurğuladı: “Azərbaycan ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Prezident İlham Əliyev Azərbaycana qərəzli münasibət bəsləyən, Ermənistanın “təcavüz” yalanlarına dəstək verənlərə də mesaj ünvanladı: “1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindənçıxarılmasını tələb edən dörd qətnaməsi kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı”.
Ölkə başçısı bəyan etdi ki, Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib.
2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.
Dövlətimizin başçısı samitdə bir daha bəyan etdi ki, Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.
Maqsudəli Maqsudov, Əməkdar mühəndis, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü