Regionda yeni reallıqlar, çağırışlar və perspektivlər – PREZİDENTDƏN MÜHÜM MESAJLAR

729

Prezident İlham Əliyevin iştirakı ilə 2021-ci il 20 may tarixində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən onlayn formatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfrans Qafqazın geosiyasi mənzərəsini, regionda baş verən prosesləri qiymətləndirmək üçün geniş imkanlar yaratdı.

Prezident konfransdakı çıxışı zamanı regiondakı mövcud reallıqlar, gələcək perespektivlərlərlə bağlı olduqca önəmli məsələlərə toxundu, dünya və region ölkələrinə mühüm mesajlar verdi.

Azərbaycan regionda yeni reallıq yaradıb

Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan Vətən Müharibəsi nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Ölkə başçısı dəfələrlə çıxışlarında vurğulayıb ki, bu reallıqları məhz Azərbaycan yaradıb. Əvvəlki dövrlərdə də biz şahidi olmuşuq ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələrin həyata keçirilməsi nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Bu layihələr yeni əməkdaşlıq formatlarını şərtləndirib.

Azərbaycan Vətən Müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməklə regionda yaranmış mövcud reallıqlar Cənubi Qafqaz üçün yeni yanaşmanı zəruri edir. Ölkə başçısı konfransdakı çıxışı zamanı bir daha bəyan etdi ki, biz indi gələcəyə baxmalıyıq: “30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır”.

Azərbaycan regionun inkişafı ilə bağlı çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edir.

Bu gün kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması gündəlikdə duran əsas məsələlərdəndir. Prezident çıxışında bu məsələyə toxunaraq bildirdi ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq: “Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik”.

İlham Əliyev bəyan etdi: Gələcəyə baxmalıyıq!

Prezident İlham Əliyev konfransda bəyan etdi ki, artıq keçmişə deyil, gələcəyə baxmaq lazımdır.

Sitat: “Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra düşünürəm ki, gələcəyi planlaşdırmaq daha asan olacaq. Çünki bu münaqişə bizim çox fəal əməkdaşlıq formatına sahib ola biləcəyimiz, lakin bu və ya digər səbəbdən sahib ola bilmədiyimiz bəzi əməkdaşlıq sahələri üçün müəyyən mənada əngəl törədirdi”.

Ölkə başçısı Ermənistan hökumətinin yalnız keçmiş haqqında danışmasını onların ən böyük səhvi və problemi olduğunu vurğuladı: “Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və mən dəfələrlə demişəm ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın”.

Ölkə başçısının vurğuladığı kimi, Ermənistanın tənəzzülə uğramasının, acınacaqlı duruma düşməsinin başlıca səbəbi işğalçılıq siyasəti olmuşdur. Bu gün onlar özləri də dərk edirlər ki, düşdükləri durum atdıqları səhv addımların nəticəsidir. Hazırda Ermənistandakı mövcud vəziyyət Ermənistanın müstəqillik qazandığı illərdən daha da pisdir. Ermənistan ordusu məhv edilib, ölkə davamlı siyasi böhran içərisindədir. Əgər Ermənistan işğalçılıq siyasəti həyata keçirməsəydi, bu gün regionda daha çox imkanlara malik müstəqil qərarlar verən bir dövlət olardı.

Preident ABŞ-dan regionla bağlı gözləntilərini açıqladı

Ölkə başçısı konfransda ABŞ-dan gözləntilərini açıqladı. Prezident bildirdi ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün ABŞ çox iş görə bilər: “ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də düşünürəm ki, münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək”.

Prezident İlham Əliyev bildirdi ki, ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, sülh sazişi irəli getməyin yeganə yoludur : “Revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının daha da güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkənin nüfuzunun yüksəlməsini, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin etmişdir.

Prezident İlham Əliyev “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfransda dünya ölkələri ilə mövcud və gələcək əməkdaşlıq perspektivlərinə nəzər saldı. Vurğulandı ki, bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir, Asiyanı Avropa ilə birləşdirəcək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyir, Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir, Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var.

Bəli, reallaşdırılan iqtisadi layihələr regional əməkdaşlığı zəruri edir. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır: “Tam aydındır ki, enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə –Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi layihələrinə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub”.

Prezident İlham Əiyev konfransdakı geniş və əhatəli çıxışı ilə Azərbaycanın siyasi iradəsini bir daha bəyan etdi: Azərbaycan Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarıdır.

Ramiz Hüseynov, Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər