Restoran və kafelər üçün YENİ QAYDALAR – Əməl etməyənləri nələr gözləyir?

1357

Bu gündən ölkənin hər yerində restoran və kafelərin fəaliyyətinə icazə verildi. Amma məsələ icazə ilə bitmir. Havadan asılı qalan xeyli sual var.

Çoxdandır belə yerlərdən uzaq qalan əhalinin kütləvi şəkildə axın edəcəyi gözlənilən həmin obyektlər yalnız səhər saat 8-dən axşam 18:00-dək işləyə biləcəklər. Bəs görək, sözügedən iaşə obyektlərində karantin qaydalarına nə cür riayət olunacaq? İnsanlar özlərini həmin məkanlarda necə qorumalıdır?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov ictimai iaşə obyektlərində saxlanılan məhdudiyyətlər barədə Lent.az -a danışıb. Onun sözlərinə görə, sahibkar tərəfindən əməkdaşların gigiyena qaydalarını qorumasına riayət edilməlidir:

“Karantin rejiminin yumşaldılması çərçivəsində kafe və restoranların fəaliyyəti üçün metodiki göstərişlər koronavirusinfo.az saytında yerləşdirilib. Orada qeyd olunan göstərişlərə əsasən, işçi heyətin gigiyena qaydalarına riayət edilməsi barədə məlumat vərəqələri müxtəlif sahələrə yerləşdirilməlidir. Vətəndaşların lazımi temperatura qədər bişirilməyən yeməklərdən uzaq durması tövsiyə olunur. Müəssisənin dezinfeksiya olunması və təmizlənməsinə kafe tərəfindən təyin olunan məsul şəxs nəzarət etməlidir. İşçi və müştərilərin təmasda olduğu, məhsulların saxlanıldığı bütün sahələr, eləcə də giriş və çıxışlar dezinfeksiya olunmalıdır. Dezinfeksiya məhlulundan istifadə zamanı lazım olan qatılılıq səviyyəsinə diqqət yetirmək lazımdır.

Obyekt axar isti və soyuq su ilə təmin olunmalıdır. İşçi heyət yetərli sayda maska və əlcəklərlə təmin edilməlidir. İstifadə olunmuş həmin maskaların atılması üçün qapalı torbalar qoyulmalıdır. Müştərilərin ara məsafəsi eyni masa arxasında 1m-dən, masalar arası isə 2m-dən az olmamalıdır”.

Mövzu ilə bağlı Lent.az -a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yeni davranış qaydalarından söz açıb. Onun sözlərinə görə, iaşə obyektlərinin fəaliyyəti üçün Avstraliya və Yeni Zelandiya təcrübəsindən yararlanmaq lazımdır:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın və Qida Təhlükəsizliyi Agentliyinin qoyduğu qaydalara görə, yeni istehlakçı davranışları tətbiq edilməlidir. Bu qaydalar biznes qurumlar üçündür. Lakin biznesin bir növü biz istehlakçılarıq. Əgər insanlar daxil olduqları məkanda müştərilərin bir-birinə çox yaxın olduğunu görürlərsə, oranı tərk etməlidirlər. İşçilərin maska və əlcəklə xidmət aparmağına diqqət olunmalıdır. Mətbəx müştərilərə açıq olmalıdır. Biz proqram çərçivəsində Azərbaycanda bir restoranın mətbəxinə kamera yerləşdirə bildik. Zalda əyləşən müştəri monitor vasitəsilə mətbəxdə baş verənləri izləyir. Bir çox məkanlarda mətbəxin zala uyğun olmadığını və natəmiz olduğunu gördük. Hətta köhnədən qalıb qızdırılan yeməklərin də təklif edilməsinə şahid olmuşuq. Ona görə də, yeni tələblərə əsasən, biznes sahibləri elə şərait yaratmalıdır ki, zalda oturanlar mətbəxdə baş verənləri görsün. Bütün bunlar yeni istehlakçı və biznes davranışları ortalığa qoyur. Bu baxımdan Yeni Zelandiya və Avstraliyanın təcrübələri istifadə olunmalıdır. Yəni, insanlar əvvəlcədən restoranlarda yer tutmalıdır. Operativ Qərargahın qərarında göstərildiyi kimi, restoranda müəyyən saydan artıq insan olmamalıdır. Hətta Yeni Zelandiyanın baş naziri bu yaxınlarda restorana gedib. İçəridə adam çox olduğu üçün onu içəri buraxmayıblar. Bu kimi məsələlər Azərbaycanda da tətbiq olunmalıdır”.

DİN mətbuat xidmətindən məsələ ilə əlaqədar Lent.az -a bildirilib ki, kafe və restoranlarda tələblərin yerinə yetirilməsi üçün Daxili İşlər orqanlarının əməkdaşları tərəfindən nəzarət aparılacaq:

“Mayın 18-dən etibarən Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda insanların SMS icazə almadan evdən çıxmalarına, həmçinin kafe və restoranların fəaliyyətinə icazə verildi. Ancaq həmin obyektlərin fəaliyyətində müəyyən məhdudiyyətlər qorunub saxlanılmalıdır. Əvvəla, kafe və restoranlar yalnız səhər saat 8-dən, axşam 18:00-dək işləyə bilər. Müştərilər arasında 2 metrlik sosial məsafə saxlanılmalıdır. Obyektin işçiləri maska və əlcək taxmalı, digər karantin qaydalarına əməl etməlidirlər. Müəyyən məhdudiyyətlərin aradan qaldırılmasına baxmayaraq, polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri insanların sıx olduqları yerlərdə, həmçinin kafe və restoranlarda əvvəlki qaydada nəzarəti davam etdirəcəklər. Xüsusən, onların iş saatlarına daha çox diqqət yetiriləcək”.

Mövzu ilə bağlı araşdırma aparan əməkdaşımızın sözlərinə görə, hazırda mərkəzdəki obyektlərdə müştərilərin sayı çox azdır. Bəzi yerlərdə isə ümumiyyətlə müştəri yoxdur. Onları da zalda arada bir masa olmaqla yerləşdirirlər. Hər stolda əllərin dezinfeksiyası üçün spirt yaxud odekalon var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər