Riad Rəfiyev: “Sumqayıt”ın heyətinin hər mövsüm dəyişməsi sevindirici haldır”

161

“Oyunda yüksək temp olmadı, bu da normaldır. Xeyli müddət məşq etməmişik, aydın məsələdir ki, 8 gün hazırlaşmışıq. Bu səbəbdən, qarşılaşmanın sönük olması normaldır. Demirəm ki, iyunun 21-dək 100 faiz hazır olacağıq, amma vəziyyət indikindən yaxşı olacaq”.

Bu fikirləri “Report”a açıqlamasında “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev “Qəbələ” ilə 2:2 hesablı heç-heçə etdikləri yoxlama oyunundan sonra deyib.

Funksioner matçın ilk yarısında “Qəbələ”dən üstün olmadıqlarını və hər iki komandanın eyni səviyyədə çıxış etdiyini bildirib: “İki komandanın da qol imkanları oldu. Bizim onlardan üstün olduğumuzu deyə bilmərəm. İki eyni səviyyəli komanda bir-birinə qarşı oynadı”.

Klub prezidenti Azərbaycan Premyer Liqasının vaxtından əvvəl yekunlaşdırılma ehtimalı barədə də danışıb: “Çölə çıxma qadağası həftəsonları üçün yeni qərardır. Əlbəttə, əvvəllər bildirmişdik ki, hazırlıq üçün 3 həftə çox azdır. Çünki xeyli vaxt idi ki, məşqsiz qalmışdıq. Amma futbolçular peşəkardırlar, başa düşürlər ki, nə qərər qəbul edilibsə, onu icra etmək lazımdır. Çətin də olsa, çıxıb oynayacaqlar. Həftəsonları karantin rejiminin sərtləşdirilməsi daha çox çətinlik yaradacaq. Amma çıxıb oynamaq lazımdır, başqa variantımız yoxdur. Çempionatın ləğvi ilə bağlı qərarı biz vermirik”.

Rəfiyev “Premyer Liqa ləğv ediləcəyi halda, qərara necə yanaşacaqsınız” sualını belə cavablandırıb: “Nə qərar olacaqsa, icra edəcəyik. Dövlətin qanunları var. Bunu dəfələrlə qeyd etmişəm ki, bizim vətəndaşların sağlamlıqları hər şeydən önəmlidir. Futbol vətəndaşlarımızın sağlamlığından öndə gələ bilməz. Operativ Qərargahın bütün qərarlarına hörmətlə yanaşırıq. Ona görə də nə qərar qəbul etsələr, icra edəcəyik”.

Klub prezidenti hazırda 4-cü yerdə gedən “Sumqayıt”ın Avropa Liqasına tarixi vəsiqəni meydanda qazanmaq istədiyini də vurğulayıb: “Çempionatın davam etdirilməsini və nəticə qazanaraq avrokuboklara çıxmağımızı istəyirik. Hazırda mövsüm davam edir, heç bir futbolçu ilə transfer barədə danışmamışıq. Öz heyətimdəki oyunçularla bağlı planlarımız var, buna uyğun hərəkət edirik. Amma başqa klublardan heç kiminlə danışmamışıq”.

Rəfiyev “Sumqayıt”ın hər bir mövsümün sonunda heyətinin böyük hissəsini dəyişdirməsinə də münasibət bildirib: “Əslində bu, bizim üçün sevindirici haldır, işimizin nəticəsini göstərir. Çünki xəbərləri oxusanız, görəcəksiniz ki, ən çox bizim oyunçulardan yazırlar. Məsələn, “Sumqayıt”ın filan futbolçusu başqa komandanın hədəfindədir. Bu da onu göstərir ki, düzgün seleksiya aparmışıq. Bizdə də yanlışlıqlar olur. Bu, normaldır, hamıda baş verir. Sevindirici haldır ki, ən çox bizim futbolçularımızı istəyirlər”.

Rəfiyev avrokuboklara vəsiqə əldə edəcəkləri təqdirdə, heyəti necə formalaşdıracaqları barədə danışmağın tez olduğunu vurğulayıb: “Hər şey nəticələrdən asılı olacaq. Ona uyğun hərəkət edəcəyik”.

“Gənclik şəhəri” təmsilçisinin rəhbəri komandada milliyə cəlb olunmaları ehtimal edilən futbolçular haqqında isə bunları deyib: “Bizim komandadakı bütün futbolçular hüququ cəhətdən Azərbaycan millisində çıxış edə bilər. Çünki hamısının Azərbaycanla bağlılığı var. Ona görə də, bu, yığmanın baş məşqçisinin qərarı olacaq. Bu barədə nə isə deyə bilmərəm. Yeni gələn baş məşqçi nə qərar verəcəksə, hansı oyunçunu bəyənəcəksə, onun millimizdə çıxış etməsində problem görmürəm. Əmir Ağayev və Aleksey İsayevin də digərləri kimi heç bir problemi yoxdur. Hər ikisinin ölkəmizlə bağlılığı var. Onların hüququ cəhətdən millidə çıxış etmələrində problem yoxdur”.

Rəfiyev hazırda Rusiyada olan İsayevin Azərbaycana qayıda bilməməsinə də toxunub: “Səhv etmirəmsə, sərhədlərin qapalı saxlanılması qərarını iyulun 1-dək uzatdılar. Ona görə də bu yöndə hər hansı yenilik yoxdur. Bütün sərhədlər bağlıdır. Səhv etmirəmsə, ay ərzində Rusiyadan 1 və ya 2 çarter reysi olur. Amma orada 20-30 min adam var ki, Azərbaycana qayıtmaq istəyir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması barədə qərar qəbul edilib. XXI turun oyunları bazar günü keçirilməlidir. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda həftəsonu qadağalar 6-7 iyun üçün tətbiq edilib və 14-15 iyunda da tətbiq ediləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər