Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şahmatın blits növü üzrə 12 və 17 yaşadək oğlan və qızlar arasında onlayn şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsinə həsr edilmiş və “Zəfər yolu” devizi altında keçirilmiş yarışda 27 şahmatçı iştirak edib.
Doqquz turdan ibarət İsveçrə sistemi üzrə təşkil olunmuş birincilikdə qızlar arasında Mədinə İmranlı, Aytac Kərimli, Nuray Yarəliyeva, Leyla Rzalı, Nurtən Nuriyeva ilk üçlükdə qərarlaşıblar.
Oğlanların mübarizəsində isə Hüseyn Əhmədzadə, Uğur İlyaslı, Çingiz Ələsgərov, Musa Təkləvi, Ümid Allahverdi və Xasay Dadaşzadə ilk üç yerə sahib olublar.
Yarışın keçirilməsində məqsəd Vətən müharibəsində əldə olunmuş böyük qələbənin yeniyetmə və gənclər arasında təbliği, vətənpərvərlik ruhunun aşılanması, şahmat idman növünün şəhərdə təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, onların idman ustalığının artırılması və təkmilləşdirilməsidir.
Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal və hədiyyələrlə təltif olunublar.