Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir

642

1-3 iyun tarixlərində 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ilə Xəzər regionunda enerji sektorunun ən mühün tədbiri olan və özündə 3 ayrı layihəni ehtiva edən Bakı Enerji Həftəsi keçirilmişdir. Bu tədbir 3 ayrı layihə olan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10- cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Xəzər Neft və Qaz Konfransının xələfi olan Bakı Enerji Forumunu bir araya gətirir.
Prezident İham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edərək Azərbaycanın enerji sahəsində bu günə qədər gördüyü işlərdən və gələcək planlar haqqında danışmışdır. Çıxışda müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş, enerji təhlükəsizliyini tam təmin etməmiş Azərbaycanın həmin illərdən bu günə kimi enerji sahəsində gördüyü bəzi məsələlərə toxunulmuşdur.
Bu illər ərzində Azərbaycan ötən əsrin sonu üçün mühüm hadisələrdən biri olan Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışını həyata keçirmiş, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başlamışdır. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi- Ceyhan neft boru kəmərinin tikintisi başa çatması və istismara verilmişdir. 2007-ci ildə Bakı- Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilməsi ilə Azərbaycan qazı ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başlanılmışdır. XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanmışdır. Bu il dünyanın aparıcı enerji şirkətləri olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə birgə istehsal gücü 470 meqavat olacaq biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi prioritet məsələlərdən biridir.
Prezident çıxışında Azərbaycanın enerji sahəsindəki gələcək planlarından da danışmışdır. Azərbaycanın Xəzərdəki sektorunda yerləşən yataqların istismarından asılı olaraq ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdirsə, bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq və gələn il daha da artacaq. Azərbaycan qazına olan tələbatın artması ilə Cənubi Qafqaz boru kəməri, TANAP və TAP-ın sürətli qaydada genişləndirilməsi üzərində çalışılır. Planların həyata keçirilməsi üçün də potensial və siyasi iradə var. Beləliklə, biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. İkinci Qarabağ müharibəsində işğaldan azad olunan ərazilərdə bərpaolunan enerjiyə sərmayənin qoyulması ilə qaza qənaət ediləcək və ixrac olunacaq. Kəlbəcər və Laçının külək və

günəş enerji potensialının 9-10 min meqavat olduğu hesab edilir. Hidroelektrik enerji potensialı ilə 1000 meqavat və ya artıq güc əlavə etmək olar. Eləcə də hazırda azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasının SOCAR və BP şirkətləri tərəfindən müzakirə edilməsi davam etdirilir. Hər bir məsələdə şaxələndirmənin önəmli olduğu qeyd olunaraq, Zəngəzur dəhlizinin fəaliyyətinə başlanıldığı və praktik addımlar atıldığı vurğulanmışdır. Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər.
Azad olunmuş ərazilərdə artıq biri istifadə olan üç yeni hava limanımız olacaq. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınmalıdır.
Çıxışdan da göründüyü kimi Azərbaycanın enerji sahəsindəki gələcək planları enerji ehtiyatların şaxələndirilməsi və ətraf mühitə daha az zərər vurmaq üçün bərpa olunan enerji mənbələrindən daha çox istifadəyə təşviq edir. Həmçinin Prezident çıxışında qeyd etmişdir ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Azərbaycan müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri, 4 qaz boru kəməri və 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edən elektrik enerjisi xətləri ilə birgə şaxələndirilmiş ixrac marşrutlarına sahibdir. Eləcə də Avropaya elektrik enerjisinin ixrac olunması planlaşdırılır.
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə dünyada geosiyasi vəziyyət kəskin dəyişməyə başlamışdır. Beynəlxalq Enerji Agentliyinin Rusiya qazından asılılığını azaltmaq üçün hazırladığı 10 bəndlik planın 2-ci bəndində Rusiya qazının alternativ mənbələrdən gələn qazla əvəz edilməsi məsələsi ön plana çəkilir. Eləcə də Avropa Komissiyasının Rusiyanın neft və qazından asılılığını mərhələli şəkildə aradan qaldıran “REPowerEU” planına əsasən Avropa İttifaqı enerjiyə qənaətin artırılması üçün qaz təchizatını şaxələndirməyi düşünür. Beləcə Avropa İttifaqı şaxələndirməni gücləndirməklə Avropanın qaza olan ehtiyacını qarşılamaq üçün adekvat qaz təchizatı təmin etməkdə maraqlıdır. Bu halda Avropa üçün önəmli məsələlərdən biri Azərbaycandan aldığı qazın həcmini artırmasıdır. Hazırda TAP ilə Avropaya gündəlik olaraq 28 milyon kubmetrdən çox qaz nəql olunur. “Wood Mackenzie” beynəlxalq konsaltinq şirkəti TAP- ın illik buraxıcılıq gücünün 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinə müsbət yanaşdığını açıqlamışdır.

Nizami Piriyev, Türkiyə Enerji Strategiyaları və Siyasi Araşdırmaları Mərkəzi (TESPAM) Azərbaycan Koordinatoru, Sumqayıt sakini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər