SDU-da professor Həsən Sadıqovun anadan olmasının 90 illik yubileyi qeyd edilib

5237

Azərbaycan prezidenti cənab İlham Əliyev Həsən Şiralı oğlu Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalamışdı. Bu məqsədlə də mayın 29-da görkəmli alim, Əməkdar müəllim, professor Həsən Sadıqovun anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 60-illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov və bir çox ziyalılar iştirak etdilər.
Tədbiri rektor, professor Elxan Hüseynov açaraq bildirdi ki, professor Həsən Sadıqovun adı gələndə hər kəs onu təkcə müəllim, filosof, alim, elm ağsaqqallı kimi xatırlamır. Onu xalq müəllimi kimi qəbul etməklə yanaşı, Sumqayıtın və Sumqayıt Dövlət Universitetinin yeriyən canlı tarixi, klassikləşən müasirimiz kimi qəlblərdə özünə əbədi heykəl ucaltmış tarixi şəxsiyyət kimi tanıyır.Ömrünün 56 ilini Sumqayıt Dövlət Universiteti ilə bağlayan professor Həsən Sadıqov daima müəllimlik fəaliyyəti ilə fəxr edir, yetirmələri ilə çiyin-çiyinə işləməkdən qürur hissi keçirir. Qeyd edim ki, bu təhsil ocağının təməli 1962-ci ildə qoyulub. O gündən bu günə kimi Həsən Sadıqov müəllimlik peşəsini şərəflə yerinə yetirir. Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezident cənab İlham Əliyev tərəfindən fərdi təqaüdünün verilməsi universitetin professor-müəllim heyəti və bütün kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Bu ali təltif təkcə professor Həsən Sadıqovun əməyinə deyil, bütövlükdə Sumqayıt Dövlət Universitetinin kollektivinin fəaliyyətinə verilmiş yüksək qiymətdir. Əsl alim və əsl insan ömrü yaşayan Həsən Sadıqovun həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov çıxış edərək ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyev ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin elmin inkişafına daim böyük önəm verdiyini vurğuladı, bu sahəyə göstərilən dövlət qayğısından söhbət açdı. Bildirdi ki, alimin böyüklüyü onun intellekti, yetirdiyi kadrlar, elmə verdiyi töhfələr, yazdığı elmi əsərlərlə müəyyən olunur. Bu baxımdan Azərbaycanın görkəmli alimi, Əməkdar müəllim, professor Həsən Sadıqovun şərəfli ömür yolu elmə xidmətin bariz nümunəsidir. Təbii ki, bu titulları qazanmaq o qədər də asan olmamışdır. Həsən Sadıqov nəinki müəlllim, habelə Sumqayıtın yaranma tarixinin, onun sosial-iqtisadi, mədəni, demoqrafik inkişafının ilk tədqiqatçı olaraq şəhərin beynəlmiləlçilik ənənələrini təbliğ edən alimdir. Onun professor Ramazan Məmmədovla müəllifləri olduğu «Sumqayıt həqiqətləri» kitabında erməni iftira və uydurmalarının qarşısının alınmasında, 1988-ci ilin fevralında törədilmiş hadisələrin bütün reallığı və obyektivliyi ilə dünya oxucularına çatdırılmasında, gələcək nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdı. Bir sözlə, görkəmli alim Həsən Sadıqovun əməyi daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra İcra başçısı cənab Zakir Fərəcov Azərbaycan prezidenti cənab İlham Əliyevin Həsən Şiralı oğlu Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında imzaladığı Sərəncamı oxudu və ona uzun ömür, cansağlığı, yorulmaz fəaliyyətində uğurlar arzuladı.
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova, professor Nadir Kazımov, professor Məhəmmədəli Zərbəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev və Həsən müəllimin tələbə yoldaşı professor Atamoğlan Həsənov çıxış edərək böyük alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs etdilər, onun milli ideayalara bağlı nəcib şəxsiyyət olduğunu vurğuladılar.
Professor Həsən Sadıqov əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına və Sumqayıt Dövlət Universitetinin rektoruna dərin minnətdarlığını bildirdi. Qeyd etdi ki, dəfələrlə ali mükafatlara layiq görülüb. Yubiley ərəfəsində təltif olunduğu bu mükafat onlardan ən alisidir. Həsən Sadıqov çıxışında onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətləri qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Bu təhsil ocağının təməli 1962-ci ildə qoyulmuşdur. Fəaliyyət göstərdiyi dövrlər ərzində istər filial, istər institut, istərsə də universitet kimi, bu elm və təhsil ocağı yalnız Azərbaycanda deyil, həm də keçmiş Sovetlər Birliyində, eləcə də bir sıra xarici ölkələrdə sənaye və tədris müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin etmiş, Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bir sıra problemlər kimi, bu mühüm məsələ də öz həllini tapmışdı. Sumqayıtın respublikamızın ictimai həyatındakı roluna yaxından bələd olan, sumqayıtlıların istək və arzularına daim yüksək diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradıldı. Həmin gündən etibarən Sumqayıtın sosial-mədəni həyatında yeni bir inkişaf mərhələsinin əsası qoyuldu. Məhz bu tarixi fərmandan sonra şəhərin elm və təhsil ocaqlarında böyük bir canlanma yarandı, yeni-yeni istiqamətlərdə inkişaf dinamikasının perspektivləri müəyyənləşdi. O cümlədən, Sumqayıt Dövlət Universiteti öz dinamik inkişafı ilə qabaqcıl ali təhsil müəsissələrindən birinə çevrildi. Ömrümün 56 ilini şəhərimizin yeganə ali təhsil müəsissəsi olan Sumqayıt Dövlət Universitetinə bağladığım üçün qürur hissi keçirirəm.
Tədbirin sonunda professor Həsən Sadıqova hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər