Şəfa Əliyev “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi”nə dair elmi-praktiki konfransda iştirak edib

935

SDU-nun professoru və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyev Şamaxıda “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi”nə dair elmi-praktiki konfransda iştirak edib

17 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi”nə dair elmi-praktiki konfrans keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli moderatorluq etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov giriş nitqləri ilə çıxış etmişlər. Konfransın I sessiyasında Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları” mövzusundə məruzə ilə çıxış edib. Sonra, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri” və Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xalıyevin “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi” mövzularında məruzələri dinlənilib.
Konfransın II sessiyasında Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”, İqtisadiyyat Nazirliyinin “İşğaldan azad edilmiş ərazilərin bərpası” şöbəsinin müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadovun “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları” və İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Azər Səfərovun “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” adlı məruzələrlə çıxış ediblər.
Konfransda məruzələr ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib. Müzakirələrdə Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev və digər mütəxəssislər iştirak ediblər.
Sumqayıt Dövlət Universitetinin Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru, iqtisad elmləri doktoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri öz çıxışında bildirmişdir ki, hazırda işğaldan azad olunmuş ərazilərin bərpa olumması və dirçəldilməsi prosesləri sürətləndirilməkdədir. Bu proseslərdə investisiya cəlbediciliyi mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici investisiyaların cəlb olunması və eyni zamanda investisiyalardan səmərəli istifadə edilməsi, əlverişli investisiya mühitinin formalaşdırılması kifayət qədər aktuallıq təşkil edir. Buna görə də investisiya cəlbediciliyinin artırılması ilə bağlı problemlərin fundamental şəkildə öyrənilməsi, müvafiq təkliflərin hazırlanması, daha yaxşı fəaliyyət mexanizmlərinin işlənməsi vacib şərtlərdəndir. Natiq çıxışında investorların ölkəyə cəlb olunmasında, xarici investisiyaların axınlarının intensivləşdirilməsində təşviq tədbirlərinin genişləndirilməsinin vacibliyinə toxunmuşdur. O, qeyd etmişdir ki, xarici ölkələrdə yerləşən diplomatik strukturlarda və ticarət nümayəndəliklərində, diaspor təşkilatlarında investisiyaların təşviqi ilə bağlı tədbirlərə daha çox yer verilməlidir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluq problemlərinin həlli üçün əməktutumlu sahələrin, o cümlədən, yüngül sənayenin, qida sənayesinin, aqrar-emal sferasının və turizmin inkişaf istiqamətlərində investisiyayönlü məqsədli tədbirlərə ehtiyac vardır. Professor Şəfa Əliyev çıxışında qrant müsabiqələrin keçirilməsi, investisiya və maliyyə-kredit məsləhət mərkəzlərinin yaradılması, subsidiya mexanizmi olmadan güzəştli kredit paketlərinin formalaşdırılması, şəffaf maliyyə-kredit və investisiya mühitinin yaradılması, bu proseslərə Dünya Bankı qrupunun strukturlarının və Asiya İnkişaf Bankının uzunmüddətli və faiz dərəcələri minimum olan kredit resurslarının cəlb edilməsi, bununla da özəl sektor subyektlərinin iqtisadiyyat quruculuğunda maliyyə təminatı mexanizmlərinin alternativliyinin formalaşdırılması və s. bu kimi təklifləri səsləndirmişdir.
Sonda professor Şəfa Əliyev bildirmişdir ki, bu cür geniş həcmli və yüksək səviyyəli elmi-praktiki konfransların, elmi tədbirlərin təşkili, işğaldan azad olunmuş ərazilərdə daha səmərəli investisiya mexanizmlərinin işlənməsinə və ümumilikdə investisiya cəlbediciliyinin artırılmasına müsbət təsir göstərəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər