Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsidir

787

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindəki çıxışında bir sıra mühüm məqamlara toxunub. 

Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsidir

Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb.Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir.

Dövlətin sosial yönümlü təşəbbüsləri səhiyyə sahəsini də əhatə edir.

Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.

Ölkə prezidenti səfər çərçivəsində vurğuladı ki, Pandemiya ilə mübarizə işinin təşkilində bütün imkanlar səfərbər olunmalıdır

Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı;

Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.

Azərbaycan pandemiya dövründə də öz “məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib.

Ölkənin beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edir. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.

Vaksinasiya Avropada,hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur.Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə oldu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır;

Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar;

Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti,  Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox;

Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər?; Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr, real ehtiyaclarının 4-5 mislini təmin edirlər;

Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin?;

Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər;

Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək.

Sumqayıt şəhərində də səhiyyənin inkişafı diqqət mərkəzində saxlanılır

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına nail olmaq üçün tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində müəy­yən işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2 saylı Sumqayıt şəhər xəstəxanasının istismara yararsız olan binası sökülərək yeni layihə əsasında müasir standartlara cavab verən xəstəxana binasının tikintisi işləri davam etdirilmişdir. Eyni zamanda, əvvəldə qeyd olunduğu kimi, koronavirus xəstələri­nin müalicəsi üçün quraşdırılmış yeni modul tipli xəstəxananın dövlət başçısının iştirakı ilə açılışı olmuşdur. Tibb müəssisələrində cari təmir işləri aparılmış, istilik sistemi qaydaya salınmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər