İlk “altılıq”da yer alan komandaların oyunları cümə və şənbəyə təsadüf etdiyindən bazar günü stadionun yolunu tutarkən ciddi seçim qarşısında qalmamışdım. Məlum məsələydi ki, Bakıya köçəndən sonra olan-qalan mübarizə əzmini itirən “Turan” Vaqif Sadıqovun indi-indi relsə düşən “təyyarəsinə” qarşı ciddi heç nə sərgiləyə bilməyəcəki. O qədər də böyük intiraqa vəd etməyən futboldan ötrü Şüvəlana yollanmaqdan vaz keçib, Bayıla yollandım. 25-ci turun startından əvvəl xalları bərabər olan “Rəvan”la “Sumqayıt”ın duelindən az da olsa çəkişmə gözləməyə dəyərdi. Zənnim məni aldatmadı. Çoxlarının “ikinci altılıq” deyib rişxənd etdiyi qarşılaşmadan yetərincə zövq ala bildim. Hələ fikirləşəndə ki, mükafatlar uğrunda mübarizə aparan lider komandaların oyunları ətrafında min cür söz-söhbət gəzir, adam az qalır vurulan hər qola şübhəylə yanaşsın. Bu mənada “Bayıl” stadionunda baş tutan qarşılaşmada futbol adına yetərincə müsbət məqamlar tapmaq mümkün oldu. Meydanda yer alan “ifaçıların” əksərinin yerli gənclərdən ibarət olması isə vurğuladığım həmin məqamların öncüllərindədir. Amma hər nə qədər öz futbolçularımızın oyununu qabartmağa çalışsaq da, sözügedən qarşılaşmada əsas söz sahiblərinin legionerlər olduğunu inkar etmək mümkünsüzdü. Xüsusilə, Mindauqas Kalonas yetərincə səviyyəli, öz işini bilən və ən əsası yüksək qol duyumuna malik tapıntıdır. Təsadüfi deyil ki, son turlarda “Rəvan”ın oyunlarını izləyən hər kəs Kalonası xüsusiylə fərqləndirir. Ampulaca litvalı komanda yoldaşından fərqlənsə də Miloş Adamoviç də getdikcə qollarının sayını artırmaqdadır. Elə bazar günü “Bayıl” stadionunda bu iki futbolçunun meydanda sərgilədiyi oyunu izləyə-izləyə dəfələrlə vurğuladığım bir məsələni xatıladım. Uzun müddətdən bəri hazırki “altılıq” sisteminin nöqsanlarınan danışanda vurğuladığım əsas fikirlərdən biri də o idi ki, bu sistem qış fasiləsinin və “transfer pəncərəsi”nin əhəmiyyətini heçə endirir. Atalaramız keçənə güzəşt deyiblər. Onsuz da AFFA İK gec də olsa, indiki sistemdən imtina edib, yenidən “altılığın” mənfi tərəflərini sadalayıb, təkrarçılıq etməyim. Qışda tapdığı faydalı legionerin xeyrini “Rəvan” gələn mövsümdə arıtlamasıyla görə bilər. Oyunun sonrlarına doğru Ramil Əliyevin meydana buraxdığı gənclər də pis təsir bağışlamırdı. Deməli, qarşıda gənc çalışdırıcını Kalonas, Adamoviç, Varea kimi legionerlə Əli Əliyevin, Həşimzadənin, Orxan Lalayevin simasında azərbaycanlı balalarının gücünü birləşdirib hazırda premyer liqadan hegemonluq edən zəngin komandalarla rəqabətə davamlı heyət qurmaq tapşırığı gözləyir. İlk baxışda çətin, amma gerçəkləşdirilməsi heç də mümkünsüz olmayan tapşırıqdır. Gələn mövsüm 10 komandanın mübarizə aparacağı dörd dövrəli çempionatın Azərbaycan futboluna nə verəcəyini indidən təxminən etmək zamanı qabaqlamaq olardı. Amma bir şey dəqiqdir ki, həmin sistemdə indiki kimi mükafat qazanmağa iddialı komandaların sayı belə tez seyrəlməyəcək. Söhbət təkcə “Rəvan”ın qışdan sonra gücləndirdiyi heyətin faydasını görə bilməməsindən getmir. Məgər, AZAL hazırda ilk “altılıq”da yer alan “Qəbələ”ylə “Bakı”dan zəif komandadır? “Xəzər Lənkəran”ın medal yarışından erkən çəkilməsi də xoş görüntü deyil. Toşakın yenidən formalaşdıracağı “ağ yaşıllar”ın növbəti mövsüm hegemonluq etməyə çalışacağı şübhə doğurmur. Vaqif Sadıqov da AZAL-ın heyətini qoruyub saxlamağa nail olsa bu ilki kimi medallar uğrunda yarışan rəqiblərin mübarizəsini həsrətlə kənardan seyr etməyəcək. Səviyyəli legionerlə güclənmiş “Rəvan”ı da nəzərə alsaq bir şey dəqiqdi ki, gələn mövsüm medal mübarizəsi indikindən daha da çətin olacaq. Gözləyin, “sistem qurbanları”nın qisası ağır olacaq.
Amal Abuşov