Slovakiya-Azərbaycan əlaqələri yüksək səviyyədədir

505

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış enerji strategiyamız Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilməkdədir. Elə bunun nəticəsidir ki, Azərbaycan Respublikası bir çox Avropa dövlətləri ilə müxtəlif sahələr üzrə ikitərəfli qarşılıqlı, faydalı əməkdaşlığı ötən hər gün daha da dərinləşdirir. Ölkəmizin əməkdaşlıq etdiyi Avropa ölkələri işğaldan azad edilmiş ərazilərimizin bərpa edilməsi prosesində də fəal iştiraka cəlb edilir. Belə dövlətlərdən biri də Slovakiya Respublikasıdır.

Azərbaycan-Slovakiya münasibətləri əsasən hər iki respublikanın müstəqillik əldə etməsindən sonra yaranmağa başlayıb. 1 yanvar 1993-cü ildə Slovakiya müstəqilliyini elan edib. Müstəqilliyin ilk illərində qarşılaşdıqları problemlər iki dövlət arasında əlaqələrin inkişaf etdirilməsini ləngidib. Hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. Azərbaycanla Slovakiya arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulub. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında Bratislava şəhərindəki Səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 18 mart 2004-cü il tarixində Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. Azərbaycanda bir çox Slovakiya şirkətləri uğurla fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. AR Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

Cənab İlham Əliyevin 7 may 2024-cü il tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda əlaqələrimizin inkişaf perspektivlərinə dair önəmli məqamlar geniş yer almışdı. Belə ki, ölkə başçımız öz bəyanatında qeyd etdi ki, Azərbaycan Respublikası ilə Slovakiya Respublikası müstəqil siyasət yürüdən ölkələrdir. Prezident İlham Əliyev əlavə etdi ki, iki dövlət arasında əməkdaşlığın möhkəm hüquqi bazası formalaşmışdır. Əməkdaşlığımızın bir əlamətdar istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir.

Bu rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitson arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu, həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı. Əminliklə söyləmək olar ki, bu əməkdaşlıq Avropada sülhün və təhlükəsizliyin qorunmasına öz mühüm töhvələrini verəcək.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər