Soçi görüşü: Azərbaycanın növbəti diplomatik qələbəsi

748

Hazırda Rusiya və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin noyabrın 26-da Rusiyanın vasitəçiliyi ilə Soçidə keçirilən görüşünün nəticələri geniş müzakirə olunur. Görüş zamanı Prezident İlham Əliyevin çıxışı və imzalanmış Bəyanat postmüharibə dövründə də Azərbaycanın qalib tərəf olduğunu bir daha göstərdi.

Soçi görüşündə bir sıra məsələlər, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası kimi mövzular müzakirə edildi. Bütövlükdə üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Soçidə əldə edilən razılaşma kommunikasiyaların açılmasına, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına, bölgədə iqtisadi inkişafa xidmət edəcək.

Soçi görüşü həm də onu göstərdi ki, Bakı və Moskvanın ümumi regional yanaşması var, liderlər arasında qarşılıqlı etimad, dostluq və anlaşma mövcuddur. Ümumiyyətlə, iki ölkənin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya liderləri arasında dostluq hər iki prezidentin açıq və səmimi siyasətinə əsaslanır. Bunun fonunda Paşinyanın zəif və ikiüzlü addımları Moskvanı qıcıqlandırır.

Zəngəzur dəhlizinin həyata keçirilməsində diplomatik uğur.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, biz Zəngəzur dəhlizini açacağıq – ya danışıqlar yolu ilə, ya da güc yolu ilə.

Noyabrın 16-da baş vermiş təxribata layiqli cavab verildikdən sonra Ermənistanı güzəştə getməyə məcbur edəcək yeni reallıqlar meydana çıxdı və Azərbaycanın Soçi görüşünün həm rəsmi, həm də qapalı hissəsində diplomatik nailiyyətlər əldə etməsi onu göstərir ki, biz Zəngəzur dəhlizinin reallaşmasına doğru gedirik.

Aydındır ki, noyabrın 16-da sərhəddəki təxribata cavab olaraq Ermənistan Azərbaycan tərəfindən sərt şəkildə cəzalandırılmasaydı,  Paşinyan Soçidə delimitasiya prosesinə razılıq verməyə məcbur olmayacaqdı.

Rusiya prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”nin qeyd edilməsi, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılması” ilə bağlı bəndləri Zəngəzur dəhlizinə işarə edir.

Görüşdən sonra qəbul olunmuş bəyanatda  “Dağlıq Qarabağ”, “status”, “münaqişə”,  “hərbi əsirlər”, “Minsk qrupu” kimi ifadələr özəyini tapmayıb.
Soçidə mina xəritələrinin müzakirəsini də Azərbaycanın uğuru kimi qəbul edə bilərik.
Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri”ndə müsbət irəliləyiş əldə olunacaq.

Qərbi prosesə cəlb etmək üçün vaxt udmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan Soçi görüşü ərəfəsində də yeni addımı atdı. Onun onlayn mətbuat konfransında söylədiyi dağıdıcı, şovinist fikirlər Soçi danışıqlarının uğursuzluğa düçar olmasına yönəlmiş təxribat və Putinin vasitəçiliyinə hörmətsizlik idi.

Lakin Paşinyanın təxribat cəhdi baş tutmadı və Soçidə o, güzəştə getməyə məcbur oldu. Ermənistan Rusiyaya bir daha nümayiş etdirdi ki, özünün strateji tərəfdaşına qarşı xəyanət və ikiüzlülük siyasətini davam etdirir. Onun Şarl Mişelə çağırışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu. Paşinyanın ABŞ-ın ev sahibliyi edəcəyi “demokratiya sammiti”nə dəvət alması ilə öyünməsi Moskvanın diqqətindən yayınmayacaq.

Çünki bu sammit “soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisiyadır və bu koalisiyada yer alan yeganə KTMT və Avrasiya İttifaqı üzvü olan Ermənistandır.

Soçidə imzalanan sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yoxdur. Bu o deməkdir ki, söhbət münaqişədən sonrakı dövrdən gedir.
Bu qələbədə noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun mövqelərinin daha da möhkəmləndirilməsinin də rolu böyükdür.

İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə etibarlı tərəfdaşlıq münasibətləri qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.

Bütün bunlar bir daha onu göstərir ki, Soçi bəyanatı Azərbaycanın diktəsi və razılığı ilə hazırlanmış sənəddir. Gələcəkdə sülh müqaviləsinin imzalanması üçün bu görüş mühüm əhəmiyyət daşıyır. Şübhəsiz ki, bu, cənab Prezident İlham Əliyevin növbəti siyasi və diplomatik qələbəsidir.

Xəyalə Quliyeva, Sumqayıt şəhər 29 nömrəli məktəbin müəllimi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər