“Son dəfə “...ola bilər ki, heç gəlməyim...”- deyib sağollaşdı” - Xanımının “Aprel şəhidi” ilə bağlı XATİRƏLƏRİ 

1754

Vətəni qibləgah edən şəhidlər…

“Rahim çox sakit, dinib-danışmaz, ağır təbiətli bir kişi idi. 15 illik ailə həyatımızda keçən  hər günümü xoşbəxt gün sayıram. Kasıbçılıqla dolanırdıq. Biz təzə ailə quranda onun aylıq əmək haqqın  indiki pulla 50 manat idi. O maaşla o qədər xoşbəxt dolanırdıq ki, dünyadakı problemlər, kiminsə varının-pulunun çox olması, kiminsə bizdən yaxşı yaşaması bizi narahat etmirdi. Bir onu bilirdim ki, axşam evə yorğun gələcək, mazutlu, hisli-paslı paltarlarını yuyub-qurudacağam, sonra ütüləyib-təmizləyib yenə onu geyindirəcəyəm. Varımız- dövlətimiz 3 övladımızdır. 12 il Goranboyda kirayələrdə yaşadıq. Sonra Mingəçevirdə ipoteka ilə ikiotqalı mənzil aldıq. Deyirdi ki, daha özümüzün sahib olduğumuz evimiz-eşiyimiz var.  Məhəllədə ən nümunəvi ailə sayılırdıq. Onun üçün müqəddəs bir ailəsi, bir də məsləki olan iş yeri idi. Bir dəfə oğlum Nihad ondan soruşdu ki, “ata niyə tankçı oldun?”.  Uşaqlıqda dostları ilə oynadığı tank oyunlarından danışdı. Sən demə uşaq vaxtı dava-dava oyunlarında  dəstədə həmişə tankçı olarmış…”, – bu sözlər şəhidin həyat yoldaşı Vüsalə xanımın Rahimli xatirələrindən bir epizoddur..

Modern.az saytı “Aprel şəhidləri” ilə bağlı növbəti yazını təqdim edir…

2016-cı ilin “Aprel döyüşləri”ndə tankı ilə ilk dəfə hücuma keçən, çəkinmədən düşmən üzərinə yeriyib, düşməni torpaqlarımızdan qovan igidlərimizdən biri də tank komandiri, gizir Rahim Tağıyev idi.

Rahim  Qara oğlu Tağıyev 1979-cu il noyabr ayının 10-da Şəki rayonunun Əliyar kəndində anadan olub. 1998-ci ildə hərbi xidmətə yollanıb, 1999-cu ildə isə onu elə xidmət etdiyi hərbi hissədən gizirlər məktəbinə göndəriblər. Tankçı peşəsini öyrənib. Daha sonra hərbi hissədə tank komandiri vəzifəsinə qədər yüksəlib. Qüsursuz xidməti dövründə dəfələrlə hərbi komandanlıq tərəfindənfəxri fərmanlar və medallarla təltif erdilib. Onun bir amalı var idi. Torpaqlarımızı işğaldan azad edəcəkləri gün yetişsin. Həmin günün yetişdiyi xəbərini alanda da evində oturmadı.

Vüsalə Tağıyeva, şəhidin həyat yoldaşı:


– Mart ayının axırı idi. Axşam evə gəldi. Tələsik yeməyini yedi. Dedi ki, yol çantasını hazırlayım, getməlidir. Yol tədürükünü tutdum. Onun belə getməklərinə öyrəncəli idik. Rahimi o qədər belə qəfildən yola salmışdım ki… Qapıya çatanda birdən dönüb mənə dedi ki, “bir müddət olmayacam,birdən gəlmədim, ola bilər ki, heç gəlməyim…”. Təəccüb bürüdü məni. Qapıdan çıxanda oğlumun boynunu qucaqlayıb: “Nihad, ata, mən gedirəm, (Nihada “ata”deyə müraciət edərdi), ananı, ailəmizi sənə etibar edirəm. Ananın sözündən çıxmayın. Bundan sonra həmişə ana olacaq yanınızda… Ananı incitməyin…”deyərək, hamımızla görüşüb getdi.

Ertəsi gün Nihad dərsdən gəldi, neylədimsə dərs oxumaq istəmədi, atasına zəng vurdum. Dedim Nihad oxumur. Atası ilə danışandan sonra, Rahimin dünən ona dediyi sözləri xatırlayıb başladı ağlamağa. Dedim ki, “ağlama, ata səninlə elə-belə zarafat edib”. Sonra bir də zəngləşdik. Evin kreditini keçirib-keçirmədiyimi soruşdu. Dedim ki, arxayın ol keçirmişəm. Evdə nə qədər pulumuz qaldığını soruşanda dedim ki, 60 manat qalıb. Dedi ki, “ayın əvvəlinə qədər birtəhər keçinin, kimsəyə ağız açma..”. Bu danışığımız onunla gecə saat 11-də oldu. Aprelin 1-i idi artıq.

Səhəri gün aprelin 2-də anam bizə zəng edib Rahimi soruşdu. Sonra özüm də narahat olmağa başladım. Zəng vurdum köhnə tanışlara, onun dostlarına. Qulluq etdiyi hərbi hissədən olan bir dostunun arvadı dedi ki, hərbi hissədə tank qalmayıb, hamısı gedib ön cəcbhəyə, Rahim də onlarladır.Ürəyim sinəmə sığmırdı, havam çatmırdı. Bağrım çatlayırdı. İçəridən tir-tir titrəyirdim. Evdə dayana bilmədim. Uşaqları da götürüb getdim anamgilə. Bir az anamgildə oturdum. Bizə yemək hazırlayanda əlindən boşqab düşüb iki yerə bölündü. Dedim ki, Rahimə nəsə oldu. Bilmirəm, onda niyə bu sözü mən dedim… sən demə həmin vaxt elə Rahim ağır yaralanıbmış…

Samiq Əzizov, Rahim Tağıyevin döyüş yoldaşı:

-Həmin günlər biz çox sevinirdik. Döyüş tankları ilə irəliləyirdik. Düşmənin necə məhv etməyimiz bizə xüsusi ruh verirdi. Hamı bir-birini təbrik edirdi. Biz özümüz də düşmənin bu qədər qorxaq olduğunu bilmirdik. Döyüşün gedişatı bir daha sübut edirdi ki, işğal etdikləri yerlər onlara vətən ola bilməz, ona görə də belə asanlıqla qoyub qaçırdılar.  Gecədən səhərə qədər xeyli irəliləmişdik. Tank komandirimiz Rahim çox gözəl manevrlər edirdi. Erməniləri geri oturtduqca, sevincindən mahnı oxuyurdu. Deyirdi ki, bu günləri o qədər gözləmişik ki. Mən onu heç vaxt belə deyib-gülən görməmişdim.
Ətrafımızda bir az səssizlik yarandı. İstirahət etmək üçün  tankdan çıxdıq ki, bir az hava alaq. Elə təzəcə çıxmışdıq ki, birdən düşmənin atdığı top mərmisi gəlib bizim tərəfə düşdü. Baxdım ki, Rəhim məndən aralıda yıxılıb… vəziyyəti çox ağır idi. Hələ özümü hiss edirdim, sürünə-sürünə gəldim ki, onu oradan çıxarım, gücüm çatmadı…elə bu vaxt yardım dəstəsi gəldi. Əvvəl məni götürmək istədilər. Razı olmadım, dedim, əvvəlcə Rahimi aparın, sonra məni apararsınız. Sonradan huşumu  itirmişəm. Ayılanda özümü hospitalda gördüm. Dedilər ki, o da mənimlə eyni hospitaldadır.
Rahim gözəl dost idi, vəfalı və mərd oğul idi. Komandir kimi də hərbi hissədə hörmət qazanmışdı. Hərbi xidmət yollarımız bir olub, ailəsini də vətəni qədər sevirdi.  Şəhidlik hər oğula, Allahın hər bəndəsinə nəsib olmur…

Vüsalə Tağıyeva,şəhidin həyat yoldaşı:


– Anamgildə dayana bilmırdim. Ağlaya-ağlaya evə gəldim. Uşaqlar başladılar  internetdən xəbərləri izləməyə. Birdən uşaqlar qışqırdılar ki, ana cəbhədə bir tank minaya düşüb, bir dənə də vertolyot partlayıb… Ürəyim sanki çilik-çilik oldu. Ancaq ümidimi üzmədim, yenə dosta-tanışa zəng vurdum. Hərə bir söz dedi. Ancaq hiss edirdim ki, Rahim dardadır.

Bir azdan kirvəmizin yoldaşı zəng vurub dedi ki, qorxma, Rahim yaralıdır. Özümdən asılı olmayaraq, haray çəkdim, səsimə bütün binanın sakinləri çıxdılar. Ayaqyalın, başaçıq qaynım və eltimlə birlikdə yola düşdük Gəncədəki hospitala. Nə qədər yalvardımsa, həkimlər yanına buraxmadılar. Oturdum pilləkənlərin üstündə, dedim məni onun yanına buraxmayınca, buradan getməyəcəm. Axır ki, məni bir palataya apardılar.Otaqda xeyli yaralı vardı… Baxdım ki, kənarda bir nəfər uzanıb. Başı sarıqlı, şişman bir adam idi. Dedilər Rahimdir. Əlinə-qoluna, barmaqlarına baxdım, oxşatmadım. Dedim bu o, deyil. Bir yaralı oğlan başı ilə işarə etdi ki, Rahimdir. Elə həmin gecə də Rahimi  vertolyotla Bakıya -Silahlı Qüvvələrin Baş Klinik Hospitalına apardılar.
İlk dəfə yanına gedəndə qonşularım pul yığıb məni Bakıya yola saldılar. Səhərlər gedib otururdum hospitalda ki, bəlkə axşama qədər məni onun yanına buraxan oldu. Kritik vəziyyəti keçəndən sonra, pəncərədən  yatdığı otağa baxmağıma icazə verdilər. Artıq şişkinliyi keçmişdi. Yataqda üz-gözündən nur yağırdı. Elə gözəl görünürdü ki… Fikirləşirdim ki, Allah da bu qədər ağrıların içərisində bəndəsinə bu qədər işıq, nur verər… Bir də baxdım ki, əlinin və qolunun birini tərpətdi. Gülə-gülə Tanrıma şükr etdim. Öz aləmimdə elə bildim ki, sağalmağa başlayır…
Həkimə dedim ki, Rahim sağalır, əli-qolu tərpəndi. Həkim heç nə demədən, səssicə gülümsündü. Sonra yenə də gecə avtobusu ilə qayıtdım balalarımın yanına. Beləcə qaldım Mingəçevirlə Bakının arasında. Həmin müddətdə onu 3 dəfə əməliyyat etdilər.

Növbəti gedişimin birində həkim icazə verdi ki, yanına keçim. Dedi ki, danışdırmaq lazımdır. Sevinə-sevinə yanına keçdim. Əlindən tutub yanında dayandım:

-Rahim, sənə qurban olum, sən bilmirsən ki, mən səni yerə-göyə də qısqanıram, niyə gəlib uzanmısan burada, dur gedək evimizə… Nə olar, mənimlə belə zarafat etmə – dedim… Bir də baxdım ki, dodağı qaçdı. Gülümsədi. Sonra gözlərindən yaş  axdı. Əllərini sıxdım, yalvardım, ağladım:

-Sənə qurban olum, məni bu yollarda qoyma, özündə güc tap, gedək balaların səni gözləyir axı… Axı sən bizə heç vaxt belə əziyyət verməmişdin, axı sən bizi çox istəyirsən, dura ayağa, qurbanın olum…

Mənim sözlərimi eşidəndə yenə də Rahimin gözlərindən yaş axdı… Komaya düşdüyündən heç bir başqa reaksiya verə bilmirdi. Belə görüşlərə öyrəşməyə başladım. Hər dəfə Mingəçevirdən Bakıya min bir ümidlə gedirdim ki, gedib görəcəyəm ki, Rahimin gözləri açılıb, ayaqları, əlləri tərpənir… lakin hər dəfə də gəlirdim, əlim-qolum yanıma düşürdü. Aləmə səs-küy saldım, hamıdan kömək istədim. Görüşlərimizin birində isə uşaqlarımızdan danışdım:

-Rahim  uşaqlar yenə yaxşı oxuyurlar. Nicat “Əlifba bayramı”nda sənə həsr olunmuş şeir söyləyib, hərbi paltar geyinib, üstünə də sənin medallarını taxıb,videoya çəkiblər, deyir ki, ata gələndə göstərəcəm.

Sonra Nihadın  tədbirdəki şəklini yaxınlaşdırdım gözlərinin bərabərinə. Elə bil ki, nəfəsi kəsilən kimi oldu. Elə qorxdum ki… Həkimi çağırdım, həkim dedi ki, ona həyəcanlanmaq olmaz. Bir neçə an keçdi, özünə gəldi. Sən demə Nihadın şəklini hiss edibmiş. Dayandım yanında əllərini, ayaqlarını ovxaladım… Öpüb-əzizlədim… Nə inad etdimsə, nə danışdımsa, cavab vermədi, eləcə hərdən gözlərindən yaş süzüldü… Əslində iki ayda bir dəfə də olsun danışmadı. Mən elə bilirdim ki, danışacaq…  Bir də hərdən əlimi sıxırdı…Beyni işləyirdi, anlayırdı, ancaq  bədən orqanları iflic olduğundan cavab verə bilmirdi. Əks reaksiyası yox idi…

Ona sevdiyi yeməkləri bişirib yedirə bilmədim, son nəfəsinə qədər burnundan taxılan şlanklarla yedirtdilər onu. Bir gün də  balaca oğlum Nicatı gətirdm yanına. Allah həkimlərin insafını kəssin. Nə illah etdimsə, qoymadılar uşağı onun yanına keçirək. Balacadır, 8 yaşı var başa salmaq olmur, dayandı qapının yanında ağla ki, ağlayasan. Həkimlər dedi ki, atasını belə görsə ömrü boyu stresdə qalacaq. Qoy ataları yaddaşlarında qəhrəman kimi qalsın. Kor- peşiman oğlumu ağlar gözlə geriyə – Mingəçevirə qaytardım. Uşağı uzaq yol və atasını görməmək sarsıntısı əldən salmışdı. Yuxudan ayılanda baxdım ki, yastığının üstü qandır. Qulağından qan açılmışdı. Tez həkimimizə müraciət etdim. Həkim dedi ki, uşaq güclü stress  keçirib və nə yaxşı ki, qan beyninə sızmayıb…


Artıq 3 ay  idi ki, Rahim hospitalda idi. Bu aylar ərzində gecəm-gündüzüm olmadı. Həftədə iki dəfə, üç dəfə, ya bir dəfə imkan tapan kimi qaçıb gedirdim yanına, sonra da gecə ilə qayıdıb evə çatdırırdım özümü ki, uşqlarım tək qalmasın.

İyul ayının 7-si idi. Yenə getdim Rahimin yanına, əllərini ovdum, başını tumarladım. Böyründə dayanıb ağladım… dedim daha dözə bilmirəm, səni belə görməyə gücüm çatmır. Onda başladı ayağını çarpayıya döyəcləməyə, sonra keçdim  o biri yan tərəfinə. Öpdüm üzündən dedim, qurban olum, dur gedək evimizə, sənin yerin bura deyil axı, başına dönüm, qadalarını alım, axı mənözüm  xəstə adamam, o üç uşaqla sənsiz necə dayanarıq, necə yaşayarıq…
Bir gözünü açıb mənə baxdı. Gözündə bir həsrət, bir ağrı və son işartı gördüm. Baxışı elə bil ki, ürəyimin içərisini yaraladı. Bütün bədənim sustaldı. Hiss elədim ki, bu onun son baxışıdır… Və huşumu itirdim. Həkimlər gəlib məni ayıltdılar… onu mülaicə edən həkim dedi ki, “səni bir daha xəstənin yanına buraxmayacağıq, çünki ümumi mülaicəyə mane olursan, axı, ona həyəcanlanmaq olmaz… Bəs sən özün ölsən o yazıq balalarına kim baxacaq… özünü bir az ələ al”.
Rahimin yatdığı palatadan  çıxıb, başılovlu getdim baş həkimin kabinetinə. Dedim ki, həkim mənə daha görüş verməyəcək. Baş həkim sağ olsun, dedi ki, “həyəcanlanma, sən nə vaxt gəlsən, mən sənə  Rahim sağalana qədər görüş verəcəyəm…”.

Yenə yollar…Yenə gecə… yenə Mingəçevir… Yol boyu ağlayıb sızladım, yandım-yaxıldım. Birlikdə keçirdiyimiz 15 ildəki gözəl illərimizi xatırladım… Mənə elə gəlirdi ki, ayrılıq lap yaxındadır.

Baldızım zəng vurub eltimlə hospitaldan gəldiklərini deyib,mənə gözaydınlığı verdi. Dedi ki, Rahim hər iki gözünü açıb, əlləri də tərpənib. Ürəyimdə özümü qınadım. Dedim kaş fikrimə gələn yalan olsun, kaş Allah Rahimi uşaqlarına bağışlayıb, geri qaytarsın… Gecəm-gündüzm qara idi. İyulun 10-u səhər ertəsi  qonşumuz qapını döyüb dedi ki, Rahim şəhid olub…
Aprelin 2-si yalan oldu. Bir dəfə həmin günü ölmüşdüm. İndi bir dəfə də iyulun 10-da öldüm.

… İndi taleyimlə barışıb yaşayıram. Rahim xəstəxanada yatanda, şəhid olanda özümü tənha hiss edirdim. Elə bilirdim ki, biz daha kimsəyə gərək deyilik. Lakin Rahimin dəfnindən sonra həyatımızda o qədər yeni dostlar, insanlar daxil  oldu ki… İndi dövlətimiz, prezidentimiz – Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rahimin dostları bizi tək qoymurlar. Hər yerdən qayğı ilə əhatələnmişik.

Rahim istəyirdi ki, qızım həkim olsun, deyirdi ki, “Ülkər məktəbi bitirəndə mən də pensiyaçı hərbçi olacam. Qızım həkimlikdə oxuyacaq, mən də gedib Bakıda onun keşiyini çəkəcəm”.
İndi qızım 9-cu sinifdə oxuyur. I vitse-prezidentimiz Mehriban xanım Əliyevanın göstərişi ilə qızımın ali məktəbə hazırlıq kursunun ödənişi Heydər Əliyev Fondu tərəfindən ödənilir. Evimizin kredit borcu var idi, o evin borcunu da sığorta şirkəti sıfırladı. Dövlətimiz şəhid ailələrinin övladların bütün xərclərini öz öhdəsinə götürüb.  Keçən il Heydər Əliyev Fondu şəhid ailələrinin uşaqları üçün Bakıda payız tətili təşkil etdi. 3 gün ərzində uşaqlar anaları ilə çox yaddaqalan günlər keçirdilər. Biz də onların arasında… Əlbəttə, ouşaqların hamısının acısı birdir, ancaq indi onların dövlətimiz boyda ATA-ları var.
Nihad deyir ki, böyəndə hərbçi olacaq. Qızım həkim olmaq üçün gecə-gündüz çalışır. Nicat atasına aid şeirlər oxuyur. Mingəçevir şəhərinin bütün bayram tədbirlərinə dəvət alırıq. Balalarımı o tədbirlərə aprıram ki, özlərini tənha hiss etməsinlər.
Ataları uşaqların yaddaşında 2016-ci ilin Yeni il və Novruz bayramı günlərindəki kimi qalıb. O bayram günlərində şəhərə çıxmışdıq. Gəzdik, dolandıq, çox xoşbəxt idik. Və bir də çoxlu şəkillər çəkdirdik. İndi uşaqlar oturub o günlərdəki xatirələrini elə həvəslə bölüşürlər ki, elə bil ki, ataları indicə qapını açıb içəri girəcək… İndi bir arzum var ki, onları atalarının, dövlətimizin adına layiq vətəndaş kimi böyüdüm. Qoy daha müharibə olmasın, Vətən torpaqları sülh yolu ilə azad edilsin…Mən uşalarımızın atasız qalmasını istəmirəm.

Aida Eyvazlı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər