Sumqayıt bələdiyyəsi yeni binada fəaliyyət göstərəcək-FOTOLAR

6244

Sumqayıt şəhər bələdiyyəsi fəaliyyətini yeni inzibati binada  davam etdirəcək.

Bələdiyyənin yeni inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, bələdiyyə üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bina ilə tanış olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova burada aparılımış əsaslı yenidənqurma işləri, yaradılmış şərait barədə məlumat verildi. Bildirildi ki, binada 36 iş otağı qurulub, bələdiyyə əməkdaşlarının səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, qəzalı vəziyyətdə olan binada mütəxəssislərin iştirakı ilə baxış və təhlil aparıldıqdan sonra bərkitmə və əsaslı yenidənqurma işlərinə başlanılıb. Qısa müddət ərzində bina əsaslı şəkildə yenidən qurulub, istilik, işıq, su xətləri yenilənib, bünövrəsində bərkitmə-gücləndirmə işləri aparılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb.

Bələdiyyə üzvləri və əməkdaşlarının iştirakı ilə keçirilən toplantıda isə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Bələdiyyənin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Bələdiyyənin fəaliyyətində müəyyən illərdə durğunluq müşahidə edilsə də, Zakir Fərəcovun şəhər icra hakimiyyətinin başçısı təyin edilməsindən sonra Bələdiyyə şəhərdə başlayan quruculuq işlərində daha fəal iştirak etməyə çalışır.

Vurğulanıb ki, 2000-ci ilin yanvar ayına qədər Sumqayıt Bələdiyyəsi bu binada yerləşib. Daha sonra isə bina Yeni Azərbaycan Partiyası  Sumqayıt şəhər təşkilatının inzibati binası olub. Ötən il Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatı üçün ən müasir standartlara cavab verən yeni inzibati bina tikilərək istifadəyə verilib, Sumqayıt Bələdiyyəsinin əvvəlki binasına köçürülməsi barədə qərar qəbul edilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətin demokratikləşməsi və səmərəli idarə edilməsində yerli özünüidarəetmənin rolunu yüksək qiymətləndirirdi. Azərbaycanda bələdiyyə institutunun formalaşdırılması məsələsi ilk dəfə  Heydər Əliyevin rəhbərliyiilə işlənib hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır.

Yerli özünüidarəetmə sahəsindəki Heydər Əliyev prinsipləri bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu gün Azərbaycanda yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsinə, bələdiyyə institutunun formalaşdırılmasına, bu orqanın cəmiyyətdə nüfuzunun və rolunun artırılmasına xüsusi diqqət göstərilir.

İcra başçısı Bələdiyyəninin işinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini verdi.
Tədbirdə çıxış edənlər Bələdiyyənin yeni inzibati bina ilə təmin olunmasına görə şəhər rəhbərinə təşəkkürlərini çatdırıblar.

Daha sonra Bələdiyyənin icra aparatının bir qrup əməkdaşı şəhərin sosial-iqtisadi həyatında səmərəli fəaliyyətinə görə şəhər icra hakimiyyətinin başçısının fəxri fərmanı ilə təltif edildi.

Qeyd edək ki, bu vaxta qədər Sumqayıt bələdiyyəsi 18-ci məhəllədə icarə binada yerləşirdi.

 



 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər