Mayın 1-də Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Xarici dillər kafedrasının təşkilatçılığı ilə “İngilis dili: bir dünya, bir səhnə” adlı tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva açaraq, tədbirin 23 Aprel – Ümumdünya İngilis Dili Gününə həsr olunduğunu və bu günün qeyd edilməsinin böyük ingilis şairi, yazıçısı və dramaturqu Vilyam Şekspirin həm anadan olduğu, həm də vəfat etdiyi günlə əlaqəli olduğunu vurğulayıb. O, həmçinin bu günlə bağlı fakültədə silsilə tədbirlərin keçirildiyini və tədbirin həm də bir növ hesabat xarakteri daşıdığını diqqətə çatdırıb.
Rəngarəng və maraqlı ssenari üzrə keçən tədbirdə tələbələrin ifasında ingilis dilində seçmə səhnəciklər, şeirlər və mahnılar təqdim olunub.
Tədbirdə iştirak edən SDU-nun məzunları Gülnarə Rüstəmli və Türanə Bayramova çıxış edərək, ingilis dilinin onların karyerasına necə təsir etdiyindən və uğur hekayələrindən danışaraq, müəllimlərinə təşəkkürlərini çatdırıblar.
Tədbirin sonunda universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov çıxış edərək, belə tədbirlərin gənclərin klassik ədəbiyyata marağının artırılması və mənəvi-estetik dünyagörüşünün formalaşması baxımından əhəmiyyətini vurğulayıb. O, dil və ədəbiyyatın beynəlmiləl dəyər daşıdığını, ingilis dili və ədəbiyyatının dünya mədəniyyəti və elmindəki rolunu, xüsusilə Şekspirin yaradıcılığının unikallığını qeyd edib. Bildirib ki, onun bəşəriyyətə bəxş etdiyi zəngin yaradıcılıq irsi artıq neçə əsrdir ki, yalnız İngiltərə ədəbiyyatında deyil, bütün dünya dramaturgiyasında əvəzsiz yer tutur.
Əminağa Sadıqov tələbələrin yalnız elm və təhsil sahəsində deyil, mədəni-kütləvi tədbirlərdəki fəal iştiraklarını da yüksək qiymətləndirib. O, bunun Sumqayıt Dövlət Universiteti tələbələrinin hərtərəfli inkişafının bariz göstəricisi olduğunu vurğulayıb. O, tədbirin moderatoru Zərifə Səmədzadəni nümunə göstərərək onun çox yüksək balla SDU-nun Riyaziyyat fakültəsinə qəbul olunduğunu, ingilis dilində sərbəst danışdığını, həmçinin mədəni-kütləvi tədbirlərdə fəal iştirak etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb və SDU-da belə tələbələrin sayının ildən-ilə artacağı barədə əminliyini ifadə edib.


















Müzakirə qapadılmışdır.