İyunun 25-də Sumqayıt Dövlət Universitetində (SDU) 2025–2026-cı tədris ilində SDU gənclər təşkilatlarının fəaliyyətində aktiv iştirak edən, universitetin ictimai həyatına töhfə verən tələbələr sertifikatlarla mükafatlandırıldı.
Tədbirdə çıxış edən SDU-nun rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli fəal tələbələri təbrik edərək ali təhsil müəssisəsinin uğurlarının tələbələrin fəaliyyəti, təşəbbüskarlığı və nailiyyətləri ilə birbaşa bağlı olduğunu qeyd etdi. Müasir dövrün süni intellekt, rəqəmsal texnologiyalar və innovasiyalar əsri olduğunu deyən rektor gənclərin bu dəyişikliklərin önündə dayanmalı olduğunu vurğuladı:
“Dünya sürətlə dəyişir. Elm və texnologiyada baş verən inkişafın tempi əvvəlki dövrlərlə müqayisədə qat-qat artır və bu, qarşıdakı illərdə daha da sürətlənəcək. Buna görədir ki, XXI əsrin çağırışlarına cavab vermək, ölkəmizə, dövlətimizə və cəmiyyətimizə daha böyük töhfələr vermək üçün sizin üzərinizə mühüm məsuliyyət düşür”.
Professor tələbələrin formalaşmasında ailələrin rolunu vurğulayaraq, savadlı, fəal və vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə təşəkkürünü bildirib.
Nurəli Yusifbəyli çıxışında yüksək bilik və istedadları ilə yanaşı, tələbələrin dövlətinə və xalqına bağlılığın gənclərin əsas keyfiyyəti kimi qiymətləndirməklə yanaşı, onların gələcəkdə ölkənin inkişafına verəcəyi töhfələrdən danışdı, SDU-nun mövqeyinin daha da möhkəmlənməsi, ölkənin aparıcı universitetləri sırasında daha yüksək pillələrdə qərarlaşmasında tələbələrin payının olacağına inandığını qeyd etdi. Sonda universitetin ictimai həyatında fərqlənən tələbələr müvafiq sertifikatlarla mükafatlandırıldılar.


Müzakirə qapadılmışdır.