Sumqayıt: Həm sevinci, həm kədəri ilə bizə doğma olan şəhər

652

Əslində iki ildən artıq idi ki, bu mövzu – azərbaycanlıların soyqırımı ilə bağlı yazı üzərində işləyirdim. Niyyətim indiyə qədər kütləvi informasiya vasitələrində, saytlarda, müxtləif mətbu orqanlarda azərbaycanlıların soyqırımı ilə bağlı yazılanları, yəni pəra­kəndə halda olan materialları bir araya toplamaq və onları kitab halında çap etdirərək geniş oxucu kütləsinə çatdırmaq idi. Deyim ki, yetərincə də məlumat toplamışdım. Niyyətim bu kitabın 2013-cü ildə işıq üzü görməsinə nail olmaq və kitabı da bir millət olaraq taleyimizdə dərin və kədərli izlər buraxmış “Gülüstan” müqaviləsinin 200 illiyinə həsr etmək idi. Amma biləndə ki, tarix elmləri doktoru, professor, çox hörmətli millət vəkilimz Musa Qasımlı bu mövzuda daha sanballı, daha real faktlara və tarixi mənbələrə əsaslanan ““Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920)” adlı kitab üzərində işləyir, buna çox sevindim və “Tarixlə tarixçilər məşğul olmalıdır” dilemmasına söykənərək mən öz fikrimi bir kənara qoydum. Amma bir şair, bir jurnalist olaraq Vətən yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn və Sumqayıtdakı “Şəhidlər Xiyabanı”nında uyuyan şəhidlərimizə və onların uyuduqları məkana göstərilən diqqət və qayğı prizmasından nələrisə yazmaq fikri məni rahat buraxmırdı.

Düzdür, bu mövzuda çoxlu şeir, məqalə, “Qarabağ şikəstəsi” adlı poema yazsam da, habelə “Sumqayıt şəhidləri” kitabının 3-cü cildinə ön soz yazaraq şəhər icra hakimiyyətinin dəstəyi ilə nəşrinə nail olsam da, bunlar mənim indi demək istədiklərimi özündə əks etdirmirdi sanki. Bu yazını bu ilin əvvəllərində yazacağımı özlüyümdə qətiləşdirdim. Əvvəlcə 20 yanvar ərəfəsində başlamaq istədim. Sonra Xocalı soyqırımı gününü gözləməyi qərarlaşdırdım. Daha sonra isə 31 mart – Azərbaycanlıların Soyqırımı gününün də gəlib keçməsini gözləməyi münasib bildim. Əslində bu gözləmələr mənim bu yazını yazmağa hazır olmamağım anlamına gəlmirdi. Sadəcə olaraq xalqımızın bu ağrılı günlərinin mənim üçün də tale şəhəri olan Sumqayıtda necə qeyd olunmasına bir başqa prizmadan – şəhidlərimizə sevgi, sayğı və ehtiram prizmasından baxmaq idi.

 Dünənlə bu günün vəhdəti

 Hər birimizə məlumdur ki, Sumqayıt uzun illərdən bəri həm Ümummilli lider Heydər Əliyevin, həm də möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzində olub. Ulu öndərin hakimiyyətdə olduğu illər ərzində 16 dəfə, prezident İlham Əliyevin son iki ildə 7, onillik hakimiyyəti dövründə isə ümumilikdə 13 dəfə Sumqayıta səfər etməsi, hər səfərlərin də ya təməlqoyma, ya da açılış mərasimləri ilə müşayiət olunması bu gün Sumqayıtın regionun ən iri sənaye şəhərlərindən birinə çevrilməsinin əsasını qoymuşdur. Bu səfərlərin nəticəsi olaraq şəhərdə tullantısız, müasir texnologiyalar əsasında inşa edilmiş «Azkom­pozit», «Güntex», «Basf Kaspian» müəssisələri, «Bismak» Qida-sənaye Kom­plek­­si, “Gilan” Tekstil, yeni Elektrik stansiyası və s. istifadəyə verilmiş, «Azər­boru»nun istehsalat fəaliy­yəti bərpa edilmişdir. Respublika iqtisadiyyatının, o cümlədən Sumqayıt şəhərinin inkişafında müstəsna əhəmiyyət kəsb edən Sum­qayıt Texnologiyalar Parkının istis­mara verilməsi ölkə­mizdə elektroenergetikanın inki­şafına, onun mövcud potensialının daha da möhkəmlən­diril­mə­sinə, enerji müəssisələ­rinin yenidən qurulma­sına və modernləşdirilməsinə geniş imkanlar yaratmışdır. Bu baxımdan Sumqayıtın sənaye zonası ərazisində zəruri infrastruk­tura və idarəetmə sisteminə malik, müasir texno­logiyaların tətbiqi yolu ilə rəqabətqa­bi­liyyətli məhsullar isteh­salı və xid­mətlər göstə­rilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı da böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin iştirakı ilə fevralın 25-də Sumqayıtda Mis emalı zavodunun, “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılmış yağ fabri­kinin, kağız və karton istehsalı kombinatının istis­mara verilməsi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqa­mətində atılmış yeni, çox vacib addım kimi dəyərləndirilir. Sumqayıt yağ fabrikinin yaradılması rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənaye­sinin inkişafına mühüm töhfədir. Bu qəbildən olan layihələrin reallaşması ölkəmizin ərzaq təhlü­kəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icra­sının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirirKağız və karton istehsalı kombinatının fəaliy­yətə başlaması isə kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, atmosferə xeyli miq­darda zərərli maddələrin buraxılmasının qarşısının alınması nöqteyi-nəzərindən ətraf mühi­tin çirklənmədən qorunma­sında mühüm rol oynayacaqdıdr.

 Sumqayıt – bu günün güzgüsündə

 Bir məsələni xüsusilə vurğulamaq istəyirəm ki, hörmətli Eldar Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması ilə şəhərin simasında müsbətə doğru köklü dəyişikliyin təməli qoyulmuş oldu. Görülən irimiqyaslı işlər, həyata keçirilən möhtə­səm layihələr sayəsində bu gün Sumqayıt regionun ən gözəl və ekoloji cəhətdən ən təmiz şəhərlərindən birinə çevrilmişdir.

Eyni zamanda “Azərikimya” İstehsalat Birliyi ARDNŞ-nın tərkibinə verildikdən sonra kimya sənayesində mövcud zərərli və zəhərli istehsalatlar bağlanaraq, demontaj olun­muş, Etilen-polietlen zavodunun mövcud qurğularında isə yenidənqurma işləri aparıl­mışdır. Bununla da sovetler dönəmindən bəri Sumqayıta bir çox bəla və xəstəliklər bəxş edən istehsalatlardan əsər-əlamət qalmamışdır. Ümumilikdə həyata keçirilən layihələr Sumqayıtda işsizliyin aradan qaldırılmasına, insanların sosial-rifah halının yaxşılaşmasına, asudə vaxtlarının səmərəli təşkilinə stimul yaratmışdır. 

Şəhidlər xiyabanı – oğul qapısına aparan yol

 Qayıdaq mətləbə, Sumqayıtda Azərbaycanın azadlığı, müstəqilliyi, torpaq bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın, qəhrəman, igid vətən oğullarının xatirəsini yad etmək üçün bu günə qədər iki abidə mövcud idi. Biri 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş abidə kompleksi, digəri isə Şəhidlər xiyabanının girişində ucaldılmış «Ulduz» abidə kompleksi. Bu abidələrin heç birinin daşımalı olduğu ideyanın məzmun və mahiyyətini özündə əks etdirmədiyi haqqındakı söz-söhbətlər uzun müddətdən bəri idi ki, şəhər ictimaiyyəti və ziyalılar arasında dolaşmaqda idi. Ancaq konkret təşəbbüsdə bulunan, bununla bağlı hər hansı bir addımın atılmasına səy göstərən yox idi. Nəhayətdə bir neçə ay bundan öncə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə keçirilən geniştərkibli müşavirədə hər iki abidə ilə bağlı məsələ gündəmə gətirildi. Abidələrin yeni formatda eskiz-layihələri nümayiş etdirildi. Hərə öz fikir və təkliflərini bildirdi. Təbii ki, mən də müəyyən fikirlərimi söylədim.

Bir neçə gün bundan öncə – konkret olaraq martın 28-də şəhər ziyalılarının, ictimai təşkilatların, şəhid ailələrinin və mətbuat nümayəndələrinin iştirakı ilə şəhər icra haki­miyyətində sözügedən məsələlərlə bağlı daha bir müzakirə keçirildi. İcra hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıtda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışdı. Bu yenidənqurma işlərinin fonunda istər “20 yanvar”, istərsə də «Ulduz» abidələrinin bugünümüzlə səsləşmədiyini dilə gətirdi. Və qeyd etdi ki, abidələrin heç biri sırf bu məqsəd üçün ucaldılmayıb. “20 yanvar” abidəsi sovetlər dönəmində 26 Bakı komissar­larının xatirəsini əbədiləşdirmək üçün yaradılmış, müstəqillik əldə olunduqdan sonra isə müəyyən təmir-bərpa işləri aparılaraq 20 yanvar şəhidlərinə ünvanlanmışdır. «Ulduz» abidəsi də əvvəlcə beşguşəli olmaqla Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış, sonradan isə məlum hadisələr gedişində Şəhidlər xiyabanı o ərazidə salındığından beşguşəli ulduz səkkizguşə halına salınaraq şəhidlərin xatirə kompleksinə çevrilmişdir.

Müşavirədə hər iki abidə-kompleksin son layihələri təqdim olunmuş və layihələrin hər ikisi böyük sevgi və ehtiramla bəyənilmişdir.  Qeyd edək ki,  “20 yanvar” abidəsinin yerində XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunan abidə kompleksi inşa olunacaqdır.

İcra başçısı onu da qeyd etmişdir ki, “Şəhidlər Xiyabanı Kompleksi”nin yaradılması çox böyük, möhtəşəm bir layihədir və şəhid ailələrinin müraciətinə müsbət yanaşan Heydər Əliyev Fondu və şəxsən Fondun Prezidenti Mehriban xanım Əliyeva bu işlərin icrasını öz öhdəsinə və nəzarətinə götürmüşdür. Bu kompleksə 20 yanvar da daxil olmaqda müstəqilliyimiz, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksəlmiş sumqayıtlı vətən oxullarının şərəfinə ucaldılacaq abidə, şəhid məzarlarının yeni formatda bərpası, “Şəhidlər Xiyabanı Kompleksi”nə daxil olan geniş bir ərazinin abadlaşdırılması və s. daxildir.

Müzakirə iştirakçıları arasında çoxlu çıxış edənlər, təklif verənlər, münasibət bildirənlər, minnətdarlıq hissi ifadə edənlər oldu. Təbii ki, mən də bu çıxışlara qoşulur, şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Heydər Əliyev Fonduna və şəhər rəhbərliyinə həm öz adımdan, həm də bütün qələm dostlarım adından dərin minnətdarlığımı bildirir və bir çıxışın üzərində, daha doğrusu çıxışdakı bir cümlənin üzərində xüsusilə dayanmaq istəyirəm. Bir şəhid anası çıxışında belə bir cümlə işlətdi: «Biz Şəhidlər xiyabanına gedəndə elə bilirik ki, oğul qapısına gedirik».

Bir anlıq zala sükut çiləndi, hamının damarında qanı dondu sanki. Sözün tükənin nöqtəsinə gəlib çatmışdıq. Gözlərimdə yaş, sinəmdə lal hıçqırıq başım əllərimin arasına doğru əyildi.

Nəticə və yaxud «Evin içi astanasından bəlli olar».

 Hamı o tədbirdən kövrək notlarla, amma qürurverici bir hisslə ayrıldı. Çünki şəhid­lərimizin həm evinin, həm evin astanasının abad bir məkana – şəhidlərimizin ruhuna layiq bir məkana çevrilməsi istiqamətində həyata keçirilməsi planlaşdırılan işlərə artıq rəsmən start verilmişdi. Dünyanın 30-dan artıq şəhəri ilə dostluq münasibəti saxlayan, qardaşlıq əlaqəsi yaradan, qapısı həmişə qonaq-qara üzünə açıq olan Sumqayıtın bu dəstəyə çox böyük ehtiyacı var idi.

  PS və ya son söz əvəzi

 Şəhər icra hakimiyyəti tərəfindən 31 mart – Azərbaycanlıların soyqırımı günü müna­sibətilə təşkil olunmuş tədbirə dəvət olunmuşdum (Burda bir haşiyə çıxmaq istəyirəm. Təxminən son 10 il ərzində şəhər icra hakimiyyəti tərəfindən keçirilən irili-xırdalı bütün tədbirlərin iştirakçısı olmuşam. Son vaxtlar – qısa bir dönəmdə bu dəvətlər arxa plana keçsə də, sonradan hər şey öz yerini aldı və şəhər üçün əhəmiyyət kəsb edən bütün tədbirlərə yenidən dəvət almağa başladım. Bunun üçün şəhər rəhbərliyinə xüsusi minnət­darlığımı bildirirəm).

Etiraf edim ki, Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən builki tədbir, ötən illərə nisbətdə çox fərqli və çox yüksək səviyyədə hazırlanmışdı. Əzəmətli insan seli,  yüzdən artıq məktəblinin əl işlərindən ibarət soyqırıma həsr olunmuş rəsm sərgisi, “Soyqırım” adlı sənədli filmin nümayişi, beynəlxalq təşkilatlara şəhər ictimaiyyəti adından müraciətin ünvanlanması, şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun I Pyotrun “Vəsiyyətna­mə”sindən üzü bəri üç əsrə yaxın tarixi xronologiyanı özündə əks etdirən məzmunlu çıxışı, milli və vətənpərvərlik ruhunun daim oyaq qalması üçün bundan sonra da keçiri­ləcək tədbirlərin daha təkmil və sistemli xarakter alması üçün verilən təkliflər və s. – hər şey yerli-yerində idi.

Bu tədbir bir daha sübut etdi ki, əməksevər və qədirbilən sumqayıtlılar da daxil olmaqla bütün Azərbaycan xalqı həm tarixinə ehtiramla yanaşmağa, həm tarixini qoru­mağa, həm də yeni zəfər və qalibiyyət tarixini  yazmağa hazır və qadir olan bir xalqdır.

 

Rafiq Oday,

Azərbaycan Jurnalistlər Birliyi

Sumqayıt şəhət təşkilatının sədri

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər