Sumqayıt qəhrəman oğulları ilə fəxr edir

2682

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci ildə Silahlı Qüvvələrimizin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilməsi haqqında sərəncam imzalamasından bir il ötür. Həmin sənədə əsasən, Qarabağ uğrunda 44 günlük “Zəfər yrüşü”ndə iştirak edən 6 nəfər sumqayıtlı da həmin yüksək ada layıq görülüb.

 

İkinci Qarabağ müharibəsində yüzlərlə sumqayıtlı iştirak edərək hünər göstərib. Onlar Qarbağı azad edərək ən yüksək ad və mükafatlar­la təltif olunublar. Sumqayıtlı vətən müdafiəçilərindən 112 nəfəri şəhidlik zirvəsinə ucalıb. Hərbçilərimizdən bəziləri döyüşlərdə yaralanaraq qazi olublar. Adil İbrahimli, Anar Şükürov, Ramiz Cəfərov, Sübhan Cəbrayılov, Camal İsmayılov və Mehrab Niftəliyev Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülənlər arasında yer alıblar.

Sumqayıt həmişə qəhrəman oğulları ilə fəxr edib. Milli Qəhrəman Valeh Müslümov Lerikdə anadan olsa da, 7 yaşından Sumqayıtda yaşayıb. 1992-ci il aprelin 14-də Marquşavan uğrunda döyüşlərdə vuruşa-vuruşa 11 nəfər yaralı dostunu savaş meydanın­dan uzaqlaşdırıb. Özü də yaralanıb və həlak olub. Milli Qəhrəmanlar – pulemyotçu Mətləb Quliyev, 1992-ci il mayın 15-də Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısını məhv edən cəsur zabit Cəlil Səfərov da Sumqayıt yetirmələridir.

Birinci Qarabağ müharibəsində mərdliklə həlak olmuş Milli Qəhrəman Qorxmaz Eyvazovun, 2016-cı ildə Lələtəpə döyüşlərinə görə bu adı al­mış igid korpus komandiri, polkovnik Şükür Həmidovun da ailələri Sumqa­yıtda yaşayırlar. Qorxmaz Eyvazovun oğlu Asəm Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin kapi­tan rütbəli əməkdaşıdır. 8 noyabr – Zəfər Günündə Sumqayıt Şəhidlər Xi­yabanında “Qalib Azərbaycan əsgəri” abidəsinin açılışına Qorxmazın həyat yoldaşı Hafizə xanım da qatılmışdı. 2020-ci il oktyabrın 22-də doğma Qu­badlıda mərdliklə həlak olmuş Şükür Həmidovun atası Nəriman kişi gənclik şəhərindəki tədbirlərdə yaxından iştirak edir.

Ötən ilin iyul ayında Tovuz rayonu­nun Ermənistanla sərhəd zonasında düşmənin hərbi təxribatına cavab verərkən şəhidlik zirvəsinə ucalmış və öz ölümü ilə millətin qələbə ruhu­nu daha da artırmış general Polad Həşimov Milli Qəhrəman adına layiq görülüb. İndi Sumqayıtda şəhid gene­ralın adına küçə və məktəb var. Bu il sentyabrın 27-də Bakıda Anım Günü qeyd edilən zaman təşkil olunmuş yürüşdə Prezident İlham Əliyevin portretini tutduğu Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli Sumqayıt­dakı 14 nömrəli məktəbin yetirməsidir. Adil torpağa tapşırılan gün həyat yoldaşı Nargül xanım çiynini onun ta­butunun altına verməsi ilə yadda qalıb.

XTQ hərbi qulluqçusu və “Həmlə” Taborunun Komandiri olan Anar Şü­kürov Madagiz qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

Polkovnik-leytenant Ramiz Cəfərov “Şuşa qartalı” adı ilə tanınırdı. Ramiz Cəfərov Cəbrayıl, Füzuli və Şuşanın azad edilməsi əməliyyatlarında iştirak edib. Noyab­rın 6-da Şuşa ətrafında şəhid olub. Qəhrəmanlığı dillər əzbəridir.

“Şir” ləqəbli Sübhan Cəbrayılov da XTQ döyüşçüsü idi. Qubadlı uğrunda gedən döyüşlərdə göz qırpmadan canını vətənə fəda edib.

Baş gizir Mehrab Niftəliyev isə noyabrın 8-də – Şuşa alınan zaman qəhrəmanlıqla şəhid olub. Sumqayıt Tibb Kollecinin həyətində onun və Sübhan Cəbrayılovun xatirə lövhəsi yaradılıb.

XTQ-nin baş giziri, qrup koman­diri Camal İsmayılov da Qubadlıda şəhidlik zirvəsinə ucalıb. O həm də 2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdi.

Sumqayıtda qəhrəmanların adlarının məktəblərə verilməsi, xatirə lövhələri və şəhid bulaqları­nın tikilməsi onların ölməzliyindən soraq verir. Onların hər birinin ailəsi zəruri qayğı ilə əhatə olu­nub. Hər gün minlərlə sumqayıtlı şəhərdəki Şəhidlər xiyabanına gedir və şəhidlərin ruhuna öz ehtiramını bildirir.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər