Sumqayıt salnaməsini yazan qəzet

923

Düz 70 il öncə – oktyabrın 13-də ilk nömrəsi çapdan çıxmış “Sumqayıt” qəzetinin yubileyini keçirmək barədə şəhər icra hakimiyyəti başçısının sərəncamını oxuyunca xəyal məni qanadlarına alıb uzaq yeniyetməlik çağlarıma qaytardı. Həyəcanla qapısından içəri keçib ilk yazılarımı təqdim etdiyim redaksiyanın yaradıcı ab-havası, xəbər, reportaj və oçerklərimin çapına hər dəfə hədsiz sevinməyim yadıma düşdü.

…Onda 9-cu sinifdə oxuyurdum. Məktəbimizdə bədii söz ustası Xasay Rüstəmzadə ilə görüş olmuşdu. Ədəbiyyat müəllimim, sonralar tanınmış tənqidçi Nadir Cabbarlı mənə bu barədə qəzetə xəbər yazmağı tapşırdı. Yazıb redaksiyaya apardım. Jurtnalist Sevil Bayramova məni çox səmimi qarşıladı, həyəcanım yox oldu. Qəzetin növbəti nömrəsində 2-3 cümləlik xəbərim dərc olunanda fərəhdən qanadlandım. Sonra Pionerlər Sarayında jurnalist Ələsgər Qurbanovun rəhbərlik etdiyi “Gənc müxbirlər” dərnəyinə yazıldım, bu gözəl peşənin incəliklərini öyrəndim. Biz gənclər “Sumqayıt” qəzetinin redaksiyasına məbədgah kimi üz tuturduq.

İlk dəfə “Sumqayıt”da qəzetin, sözün ovsununa düşmüş, adamları tanıda-­tanıda özüm də az-çox tanınmağa başladım. Sevgi etiraflı ilk şeirlərim də, kəkilli şəkillərim də məhz bu qəzetdə işıq üzü görüb.

Qəzetlə əməkdaşlığım uzun illər davam etdi. Heç vaxt ştatlı işçisi olmasam da, özümü məhz “Sumqayıt” qəzetinin “şinel”indən çıxanlardan sayıram. Ali məktəb müəllimlərim Nəsir İmanquliyev, Nurəddin Babayev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov, Nəsir Əhmədovla bərabər, sumqayıtlı ustadlarımın da üzərində zəhməti çox olub. Xasay Cahangirov, Sevil Bayramova, Kamran Hacıyev və Feyzi Mustafayevdən öyrəndiklərim indi də karıma gəlir.

“Sumqayıt” qəzetinin ilk redaktoru Məmmədyar Ağayev olub. Sonrakı dövrlərdə Əlisafa Məmmədov, Hüseyn Mehrəliyev, Əyyub Məmmədov, Həsən Hüseynov, Zərifə Təhməzova, Fikrət Arixov, Kamran Hacıyev, Qüdrət Məlikov qəzetə rəhbərlik ediblər. Onların sayəsində qəzet öz dəst-xətti ilə böyük nüfuz qazanıb, sayılıb-seçilib. Mətbu nəşrin ağırlığını çiyinlərində daşıyan Seyfulla Cəfərov, Hafiz Baxış, Şakir Abdullayev, Zakir Axundov, Cəlil Rəfiyev, Çingiz Süleymanzadə, Xasay Cahangirov, Tofiq Məmmədov, Sevil Bayramova, İldırım Qasımlı, Feyzi Mustafayev, Mikayıl Məmmədov, Ramiz Tapdıqov, Oktay Cəfərov, Məqsəd Quliyev… daim anılırlar.

Hazırda həmkarımız Sübhan Quliyevin rəhbərlik etdiyi kiçik kollektiv “Sumqayıt” qəzetini də, onun ənənələrini də fədakarlıqla, layiqincə yaşadır. Əvvəllər həftədə üç dəfə çıxan qəzet indi 7 gündə bir dəfə oxucuları ilə görüşür. Dövlətçiliyin təbliği, daxili və xarici siyasətimizin uğurları, Sumqayıtda baş verən yeniliklər qəzetin əsas mövzularıdır. Qırx dörd günlük “Zəfər yürüşü”nün sevinci, qəhrəmanların rəşadəti, şəhər ziyalılarının uğurları, Sumqayıtın bu və ya digər ərazisindəki yenidənqurma tədbirləri də yüksək peşəkarlıqla işıqlandırılır.

Baş redaktor Sübhan Quliyevin dedikləri:

–Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qəzetimizin 70 illik yubileyinin qeyd edilməsi barədə sərəncamı redaksiyanın kollektivi, yaradıcı insanlar və çoxsaylı oxucular tərəfindən rəğbətlə qarşılanıb. Sərəncamda nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar olaraq sənaye, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində redaksiya əməkdaşları ilə görüşlər təşkil edilir. “Qəzet vaxtilə nədən yazırdı” rubrikası altında ötən illərin ən mühüm hadisələrini əks etdirən maraqlı yazılar isə yaddaşımızı təzələyir. Yeni planlarımız da var.

Çağdaş Azərbaycanın mətbuat tarixinə 70 illik təcrübəsi ilə dəyərli töhfələr verən “Sumqayıt” qəzetinin yaradıcı kollektivini təbrik edir, həmkarlarımıza yeni uğurlar diləyirik.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər