“Sumqayıt Şəhər İcra Hakimiyyətinin vətənpərvərlik tərbiyəsi baxımından atdığı addımlar təqdirəlayiqdir”

922

Tənzilə Rüstəmxanlı: “Bu, həm şəhidlərimizin adının əbədiləşdirilməsi, həm də vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir”

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin vətənpərvərlik tərbiyəsi baxımından atdığı addımlar təqdirəlayiqdir”

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində “Şəhid ailələri və qazilər, onlarla görülən işlər və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdiyi tədbirdə son illər şəhid ailələri və qazilərlə bağlı görülən işlərə diqqət çəkilib.

Müşavirədə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, 3 orta məktəbə Milli və Vətən müharibəsi qəhrəmanlarının adı verilib, habellə  Polad Həşimovun adını daşıyan 28 saylı orta məktəbdə büstü qoyulub, muzeyi yaradılıb. O cümlədən, ümumilikdə 38 şəhidin adına küçə verilib.

Moderator.az-a açıqlamasında Sumqayıtda şəhid və qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində atılan addımların önəminə toxunan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, bu kimi addımların mühüm əhəmiyyətə malik olduğunu qeyd edib:

“Şübhəsiz, Sumqayıtda həyata keçirilən bu yeniliklər çox böyük və təqdirəlayiq bir addımdır. Mən Türkiyənin bir çox yerləində universitetlərdə, müxtəlif təhsil müəssisələrində konfranslarda olmuşam. Türkiyənin hər bir bölgəsində demək olar ki, dövətə bağlı bir çox məktəbdə  terrorla mübarizədə həlak olan şəhidlərin adı verilib. Bir çox məktəb Qurtuluş savaşında həlak olan şəhidlərin adını daşıyır. Azərbaycanda da belə bir addımın atılması çox önəmlidir.

Məktəblərə qəhrəmanlarıızın, şəhdilərimizin adının verilməsi şəhid valideynlərinin təsəlli tapması baxımından da önəmli addımdır. Bu, onların acısını azaltmasa da, övladlarının adının hansısa məktəbə və ya küçəyə verilməsini görəndə onların ürəyinə müəyyən qədər su səpilir. Bu addımın fonunda dövlətin, millətin, xalqın onun övladının şəhidlik məqamını uca tutduğunu görür. Bu baxımdan Sumqayıt Şəhər İcra Hakimiyyətinin vətənpərvərlik tərbiyəsi baxımından atdığı addımlar təqdirəlayiqdir. Hesab edirəm ki, şəhidlərimizin adı bu və digər yollarla əbədiləşdirilməli, onların qəhrəmanlığı davamlı olaraq təbliğ edilməlidir.

Bu da məlumdur ki, hər hansı şəhid adını daşıyan məktəbdə oxuyan şagirdlər həmin şəhid haqqında daha dolğun məlumata malik olacaq, şəhdilərimizin ərazi bütövlüyümüzü necə, hansı fədakarlıqlar hesabına təmin etdiyini öyrənəcək, mili tariximizə, hərb tariximizə yaxından bələd olacaqlar. Bu isə şagirdlərdə vətən sevgisinin yüksəlməsinə kömək edəcək, bu sevgini daha da alovlandıracaqdır”.

Seymur ƏLİYEV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər