Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.
Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyatı qurumların əməkdaşları təmsil olunur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əlaqələndirmə Mərkəzinin üzvləri ilə görüşüb.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.
Qeyd olunub ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.
Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.
Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial vəziyyətlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac vardır.
Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.