Sumqayıt şəhərində əlilliyi olan şəxslərin hərəkət etmək, sosial infrastruktur obyektlərinə daxil olmaq imkanları mövzusunda dəyirmi masa təşkil olundu

1636

Sumqayıt şəhərində əlilliyi olan şəxslərin hərəkət etmək, sosial infrastruktur obyektlərinə daxil olmaq imkanları mövzusunda dəyirmi masa təşkil olundu
“Ülvi – aztəminatlılara dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə icra etdiyi “Sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların problemlərinin həllinə dəstək istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində tədbirlərini davam etdirir. Xatırladaq ki, bu layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, xüsusilə sərbəst hərəkət məhdudluğu olan uşaqların, əlillərin küçə və xiyabanlarda sərbəst hərəkəti, sosial, mədəni, inzibati, infrastruktur obyektlərinə sərbəst daxil olmaq imkanlarını artırmaq, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaq, sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanları və vəziyyətini öyrənmək, bütövlükdə əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə və sosial həyata inteqrasiya olunmasına nail olmaqdır.


Bu məqsədə nail olmaq üçün layihədə monitorinq və araşdırma işləri ilə yanaşı bu kateqoriyadan olan vətəndaşların hüquqi maarifləndirilməsi, media vasitəsilə məlumatlandırma yolu ilə əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində konkret vəzifələr qarşıya qoyulmuşdur.
Layihə çərçivəsində bu gün Sumqayıt şəhərində təşkil edilən dəyirmi masada əlillik problemləri ilə məşğul olan yerli QHT və media əməkdaşları iştirak edirdilər. Tədbiri “Ülvi – aztəminatlılara dəstək” ictimai birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Ağanənə Seyidqızı açaraq həyata keçirilən layihənin məqsədi və qarşıya qoyulan vəzifələr barədə məlumat verdikdən sonra dəyirmi masanın əsas mövzusu olan Sumqayıt şəhərində əlilliyi olan şəxslərin hərəkət etmək, sosial infrastruktur obyektlərinə daxil olmaq imkanları barədə ətraflı çıxış etdi və təşkilatın könüllülərinin mövcud vəziyyəti monitorinq edərək hazırladığı foto və video materialları nümayiş etdirdi.
Tədbirdə iştirak edən Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İB-nin sədri S.Kərimova, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İB –nin sədri Z.Mustafayeva, “Bizim şəhər” İB-nin sədri M.Zeynalova, “Loğman” Qaçqınlara dayaq Mərkəzi İB-nin sədri T.Nağıyeva, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti Sumqayıt təşkilatının sədri T.Məsimova, “Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İB-dən A.Rəşidov, Əlillərin beynəlxalq əməkdaşlığı uğrunda İB-dən A.Əzizəliyeva, “Günəşli sabah” qəzetindən A.Hacıyeva, “Əsrin sədası” qəzetindən İ.Məmmədqızı və başqaları çıxış edərək Sumqayıt şəhərində əlillliyi olan şəxslərin sərbəst hərəkət etmək imkanlarının məhdud olduğunu, küçə və xiyabanlarda əlil arabalarının hərəkəti üçün pandusların qoyulmadığını, eləcə də sosial infrastruktur obyektlərinə, hətta dövlət idarəçilik qurumlarına daxil olmaq üçün pandusların quraşdırılmadığını qeyd etdilər. Çox az yerlərdə panduslar qoyulsa da, bunlar da beynəlxalq təcrübəyə və standartlara uyğun deyil, belə panduslarda başqa şəxsin köməyi olmadan əlil arabası ilə hərəkət etmək mümkün deyil.
Sonda tədbir iştirakçıları “Ülvi- aztəminatlılara dəstək” İB-nin hazırladığı foto-video materialları və dəyirmi masada səslənən təkliflər əsasında şəhər icra hakimiyyətinə mövcud problemlərin aradan qaldırılması üçün müraciət məktubu göndərilməsi vacibliyini qeyd etdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər