Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Sumqayıtda fevralın 11-dən başlayan əhalinin dispanserizasiyası müvəffəqiyyətlə davam edir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova AZƏRTAC–a bildirib ki, müayinənin əhəmiyyəti və vacibliyi ilə bağlı əvvəlcədən aparılan izahat işləri müsbət nəticə verir. O, aprelin 13-nə olan məlumata görə, 186 min 233 vətəndaşın artıq tibbi müayinədən keçdiyini qeyd edib.
Ü.Müzəffərova deyib ki, tibbi müayinə zamanı ehtiyac duyulduqda sakinlər ambulator, stasionar müalicəyə cəlb edilir. Kampaniya çərçivəsində aşkarlanmaların nəticəsində 947 nəfər hospitalizə olunub, 14 nəfər cərrahiyyə əməliyyatına cəlb edilib. Eləcə də 60 nəfər Bakıya ixtisaslaşdırılmış tibbi müəssisələrə stasionar müalicəyə göndərilib. Sakinlərin sağlamlığı üçün faydalı və əhəmiyyətli olan profilaktik tədbirlər şəhərdə fəaliyyət göstərən 11 xəstəxanada, 10 poliklinikada təşkil edilir. Şəhər ərazisində yerləşən müəssisə və idarə işçilərinin tibbi müayinədən keçmə qrafiki tərtib edilib və onlar mütəşəkkil qaydada müayinələrə cəlb olunur.
Sumqayıtlılar tibbi müayinənin əhəmiyyətini yüksək qiymətləndirərək, humanist, hər bir vətəndaşın sağlamlığına diqqətli və qayğıkeş münasibətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.