Bu gün Sumqayıt şəhərində “Ekoloji problemlər və onların həlli yolları” mövzusunda görüş təşkil olunub.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar – Tahir Mirkişili, Hicran Hüseynova, Emin Hacıyev, Müşfiq Məmmədli, “Təmiz şəhər” ASC-nin sədri Etibar Abbasov iştirak edib.
Görüş zamanı məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, ekoloji məsələlərlə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.
Vurğulandı ki, son illər Sumqayıt şəhərində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib, şəhərin inkişafı ilə bağlı çox böyük infrastruktur layihələri reallaşdırılıb, sakinlərini narahat edən bir çox problemlər aradan qaldırılıb. Sumqayıt şəhərinin ekoloji cəhətdən təmiz bir şəhərə çevrilməsi istiqamətində də mühüm addımlar atılıb, çox vacib layihələr icra olunub.
Qeyd olundu ki, görülmüş işlərlə yanaşı həllini gözləyən bir sıra məsələlər də mövcuddur.
Məişət tullantıları poliqonunda mövcud vəziyyətin aradan qaldırılması, məişət tullantılarının çeşidlənməsi zavodunun tikilməsi, tullantıların daşınmasında istifadə olunan maşın-mexanizmlərin yenilənməsi, “Acıdərə” kanalının üzərində təmizləyici qurğunun tikilməsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı qeyd olunan problemlərin aradan qaldrılması üçün qarşıda duran vəzifələr və hədəflər müəyyənləşdirilib. Qarşıya qoyulmuş hədəflərə çatmaq üçün ortaq səylərin göstərilməsi ilə bağlı razılığa gəlinib.