Sumqayıtda həyat yoldaşı Şəhanə Əhmədovanı dənizdə çimərkən boğaraq öldürməkdə təqsirləndirilən Anar Əhmədovun cəzası ağırlaşdırılıb.
“Qafqazinfo” xəbər verir ki, prokurorluq protest verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin A.Əhmədova yüngül cəza verdiyini bildirib.
Protest belə əsaslandırılıb ki, məhkəmə Anar Əhmədovun cinayəti etiraf etməsini səmimi peşmançılıq kimi qiymətləndirib və bunu cəzanı yüngülləşdirən hal kimi qeydə alıb.
Prokurorluq buna etiraz edərək Anar Əhmədovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddəsinin yuxarı həddində cəza verilməsini istəyib.
Bu maddə üzrə təqsirləndirilən şəxsi 20 ilə kimi cəza gözləyir.
Mərhum Ş.Əhmədovanın hüquqi varisi Fərzalı Səmədov isə bildirib ki, Anar Əhmədov Şəhanənin hamilə olduğunu bilə-bilə öldürdüyü üçün ona ömürlük cəza verilməlidir.
Hamilə olan mərhum Şəhanə Səmədovanın amansızcasına digər uşaqlarının gözü qarşısında qətlə yetirdiyini, hadisədən sonra da arvadı barəsində bətnindəki körpənin başqa kişidən olması barədə yalanlar uyduraraq mərhumun ruhunu alçaltdığını və bununla da onun valideynlərinə daha ağır zərbə yetirdiyini, iki günahsız körpənin analarını öldürməklə onları hər iki valideynin himayəsindən məhrum etməklə ailəni təmamilə məhv etdiyini, bir əməl ilə iki insanın həyatına qəsd etdiyini qeyd edib.
Bakı Apellyasiya Məhkəməsi protesti təmin edərək Anar Əhmədovun 16 illik azadlıqdan məhrum etmə cəzasını ağırlaşdırıb.
Çıxarılan yeni qərarla Anar Əhmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin avqustunda 1986-cı il təvəllüdlü Anar Əhmədov “Gəmi” istirahət mərkəzində dənizdə hamilə arvadı, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şəhanə Əhmədovanı aralarında yaranmış mübahisə nəticəsində boğaraq qəsdən öldürüb.
Murad Əhməd